CENTCOM İrana qarşı qeyri-ənənəvi ideyalar axtarır

ABŞ Mərkəzi Komandanlığı İrana təzyiq göstərmək üçün yeni və qeyri-ənənəvi variantlar axtarır. Kəşfiyyat analitiklərindən alternativ təkliflər istənilib.

62

ABŞ Mərkəzi Komandanlığı İrana təzyiq göstərmək və Tehranı danışıqlara məcbur etmək üçün hərbi analitiklərdən yeni və qeyri-ənənəvi variantlar təqdim etmələrini istəyib.

MSNews.az xəbər verir ki, “CNN” mənbələrə istinadən CENTCOM-un kəşfiyyat bölməsində çalışan yüksəkvəzifəli zabitin geniş analitik qrupuna elektron məktub göndərdiyini yazıb. Məktubda İrana təzyiq göstərmək və onu “cəzalandırmaq” üçün yeni, yaradıcı və qeyri-ənənəvi üsulların təklif edilməsi istənilib. Başqa bir yüksəkvəzifəli hərbçinin də ötən həftə oxşar müraciət etdiyi bildirilir.

CENTCOM-un sözçüsü, kapitan Timoti Hokins bu addımı komandanlığın mövcud strategiyasının tükənməsi kimi qiymətləndirməyib. O bildirib ki, qurum innovativ yanaşmalara üstünlük verir və CENTCOM rəhbəri admiral Bred Kuper əməliyyatların səmərəliliyini artırmaq üçün rütbəsindən asılı olmayaraq əməkdaşların fikirlərini öyrənir. Bununla belə, “CNN” elektron poçtla belə geniş ideya toplanmasının hərbi rəsmilər tərəfindən qeyri-adi hal kimi qiymətləndirildiyini qeyd edir.

ABŞ qüvvələri bir neçə həftədir İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanlarını zəiflətmək və Tehranı danışıqlar masasına qaytarmaq məqsədilə hava zərbələri həyata keçirir. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə görə, mövcud bombardmanların İranın danışıqlardakı mövqeyini dəyişdirəcəyi gözlənilmir. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də konqresmenlər qarşısında çıxışında hava gücünün imkanlarının məhdud olduğunu bildirib.

CENTCOM-un hazırladığı variantlardan biri İranın raket imkanlarını sıradan çıxarmaq üçün bir və ya iki həftə davam edəcək intensiv bombardman kampaniyasını nəzərdə tutur. Donald Tramp hələlik bu plana razılıq verməyib. Qərara hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının azalması, eləcə də körpülər və su duzsuzlaşdırma obyektləri kimi infrastruktura zərbələr nəticəsində çoxsaylı mülki itkilərin yarana biləcəyi barədə xəbərdarlıqların təsir göstərdiyi bildirilir.

ABŞ ordusu “Külüng dağı” kimi təqdim edilən ərazidə və İranın digər nöqtələrində nüvə materialı və avadanlıqlarının saxlanıldığı ehtimal edilən dərin yeraltı obyektlərə zərbə imkanlarını da araşdırır. Mənbələrin fikrincə, adi raket və bombalar həmin kompleksləri tam məhv etmək üçün yetərli olmaya bilər. Bu isə quru qüvvələrinin və ya xüsusi təyinatlıların iştirakını tələb edə bilər. Donald Tramp genişmiqyaslı quru əməliyyatına razılıq verməyib.

Tramp daha əvvəl İranın əsas neft ixrac mərkəzlərindən olan Xark adasının ələ keçirilməsi və yüksək zənginləşdirilmiş uranın ölkədən çıxarılması variantlarını gündəmə gətirib. Lakin belə bir əməliyyat ABŞ hərbçilərinin İran ərazisinə yerləşdirilməsini tələb edə, münaqişəni genişləndirə və Trampın uzunmüddətli xarici müharibələrə qoşulmamaq barədə seçki vədi ilə ziddiyyət yarada bilər. “Associated Press” də Xark adasının tutulmasının ABŞ əsgərlərinin quruda iştirakını tələb edən siyasi və hərbi baxımdan riskli ssenari olduğunu qeyd edir.

Müharibə başlayandan bəri 18 ABŞ hərbçisinin öldüyü təsdiqlənib. “The Guardian” Pentaqonun məlumatlarına əsasən daha 624 hərbçinin yaralandığını yazıb.

Vaşinqtonun nəzərdən keçirdiyi digər variant əvvəllər vurulmuş və ya oxşar obyektlərə yüksək görünən, mənbələrin “atəşfəşanlıq” effekti ilə müqayisə etdiyi məhdud zərbənin endirilməsidir. Belə bir əməliyyat Trampa İranın nüvə proqramını tam sıradan çıxarmadan simvolik qələbə elan etmək və müharibədən çıxış yolu axtarmaq imkanı verə bilər. Lakin bu ssenarinin Hörmüz boğazı ilə bağlı əsas mübahisəni həll etməyəcəyi vurğulanır.