MSNews.az xəbər verir ki, Tramp iyulun 13-də “Truth Social” platformasında paylaşdığı bəyanatda ABŞ-nin İrana qarşı blokadanı bərpa etdiyini və Hörmüz boğazının açıq saxlanılacağını bildirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “CENTCOM” rəsmi açıqlamasına görə, blokadanın icrasına iyulun 14-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:00-da başlanacaq. Bu, Bakı vaxtı ilə iyulun 15-i saat 00:00-a təsadüf edir.
“CENTCOM” bildirib ki, tədbirlər İran limanlarına və sahilyanı ərazilərinə gedən və ya oradan çıxan gəmilərə şamil olunacaq. İranla əlaqəsi olmayan gəmilərin regional sulardan, o cümlədən Hörmüz boğazından hərəkətinə isə dəstək göstəriləcəyi açıqlanıb.
“Reuters” yazır ki, blokada İranın bütün sahil xəttini, limanlarını və neft terminallarını əhatə edəcək. Humanitar yük daşıyan gəmilərin yoxlamadan sonra keçidinə icazə verilməsi nəzərdə tutulur. İranla əlaqəsi olmayan istiqamətlərə neytral tranzitin məhdudlaşdırılmayacağı bildirilir.
ABŞ İrana qarşı ilk dəniz blokadasını aprelin 13-dən iyunun 18-dək tətbiq etmişdi. “CENTCOM”un məlumatına görə, həmin dövrdə 140-dan çox gəmi istiqamətini dəyişməyə razılaşıb, tələblərə əməl etməyən doqquz gəmi sıradan çıxarılıb, humanitar yardım daşıyan 50-dən çox kommersiya gəmisinin keçidinə isə icazə verilib.
Tramp, həmçinin ABŞ-ni “Hörmüz boğazının qoruyucusu” adlandıraraq boğazdan keçirilən yüklərin dəyərinin 20 faizi həcmində ödəniş alınacağını bildirib. O, bu vəsaitin gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına çəkilən xərcləri qarşılamalı olduğunu deyib. Lakin ödəniş mexanizminin necə tətbiq ediləcəyi hələlik açıqlanmayıb.
BMT-nin gəmiçilik üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı məcburi keçid haqqının tətbiqi üçün hüquqi əsasın olmadığını bildirib. Qurum beynəlxalq gəmiçilikdə istifadə edilən boğazlardan keçidə görə məcburi ödənişlərin tətbiqinə qarşı çıxdığını açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Tehranın Hörmüz boğazının təhlükəsizliyini təmin edən tərəf olduğunu və bu mövqedə qalacağını bildirib. İranın hərbi rəhbərliyi ABŞ-nin boğazın gələcək idarəçiliyini müəyyənləşdirmək hüququnun olmadığını bəyan edib.
Qərar ABŞ və İran arasında raket və pilotsuz uçuş aparatları ilə qarşılıqlı hücumların yenidən intensivləşməsi fonunda verilib. Gərginliyin artması və Hörmüz boğazında daşımaların pozulması ilə bağlı narahatlıqlar iyulun 13-də neft qiymətlərinin 9 faizdən çox yüksəlməsinə səbəb olub.