UEFA İnfantinoya qarşı namizəd irəli sürə bilər

Jurnalist Romen Molinanın məlumatına görə, UEFA daxilində 2027-ci ildə FIFA prezidenti seçkilərində Canni İnfantinoya qarşı alternativ namizəd irəli sürmək planı müzakirə olunur. Bu proses Baloqunla bağlı qalmaqallı qərardan sonra daha da aktuallaşıb.

17

UEFA daxilində 2027-ci ildə FIFA prezidenti seçkilərində Canni İnfantinoya qarşı alternativ namizəd irəli sürülməsi planı müzakirə olunur.

MSNews.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb. Onun iddiasına görə, UEFA rəhbərliyində bir qrup şəxs artıq bir müddətdir İnfantinoya rəqib olacaq namizəd üzərində işləyir. Baloqunun diskvalifikasiyasının ləğvi ilə bağlı son qərardan sonra isə təşkilatda “belə davam edə bilməz” fikri daha da güclənib. Bu məlumat hələlik UEFA tərəfindən rəsmi təsdiqlənməyib.

Məsələ FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qalmaqallı qərarından sonra aktuallaşıb. Baloqun Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alsa da, FIFA onun avtomatik bir oyunluq cəzasının tətbiqini dayandırıb və futbolçu Belçika ilə DÇ-2026-nın 1/8 final matçında oynamaq hüququ qazanıb.

UEFA bu qərarı sərt tənqid edərək onu “presedentsiz, anlaşılmaz və əsassız” adlandırıb. Qurum bildirib ki, qırmızı vərəqədən sonra avtomatik bir oyunluq diskvalifikasiya futbolun ədalətli və şəffaf rəqabət prinsiplərinin əsas hissəsidir və turnirin gedişində istisnaya çevrilə bilməz.

Qalmaqalı daha da böyüdən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantino ilə Baloqunun işi barədə danışması olub. Axios-un məlumatına görə, Tramp İnfantino ilə əlaqə saxlayaraq qırmızı vərəqə və cəza məsələsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı danışıb. Bu məlumat FIFA-nın intizam qərarlarına siyasi təsir ehtimalı barədə müzakirələri gücləndirib.

The Financial Times” yazır ki, UEFA ilə yanaşı, Belçika Futbol Federasiyası, Avropa İttifaqının idman komissarı və sabiq FIFA prezidenti Yozef Blatter də qərarı tənqid ediblər. Tənqidçilər hesab edirlər ki, bu addım FIFA-nın intizam sisteminin müstəqilliyi və futbolun bərabər qaydalar prinsipi ilə bağlı ciddi suallar yaradıb.

Romen Molinanın iddiası fonunda UEFA-FIFA münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyi bildirilir. Hələlik UEFA-nın mümkün namizədinin kim olacağı açıqlanmayıb. FIFA prezidenti seçkiləri 2027-ci ildə keçiriləcək və Canni İnfantinonun yenidən namizəd olub-olmayacağı rəsmi şəkildə bəyan edilməyib.