Üsyançılar Malidə yeni hücumlar elan etdi

“Əl-Qaidə” ilə əlaqəli JNIM və tuareq silahlı FLA hərəkatı Malidə ordu mövqelərinə və Rusiyanın “Afrika Korpusu” qüvvələrinə qarşı koordinasiyalı hücumlar təşkil etdiyini bəyan edib. İddiaların bir hissəsi hələlik müstəqil təsdiqini tapmayıb.

19

Malidə “Əl-Qaidə” ilə əlaqəli JNIM qruplaşması və tuareq silahlı FLA hərəkatı ölkə ordusuna və Rusiyanın “Afrika Korpusu”na qarşı bir sıra koordinasiyalı hücumlar təşkil etdiyini elan edib.

MSNews.az xəbər verir ki, hücumlar Malinin müxtəlif bölgələrində yerləşən hərbi mövqeləri əhatə edib. “Reuters” yazır ki, iyulun 4-də silahlı qruplar Malinin şimal, mərkəz və cənubunda bir neçə ordu mövqeyinə hücum edib. Agentliyin məlumatına görə, hücumların hədəfləri arasında Anefıs, Agelhok, Qao, Sevare və Kenieroba kimi məntəqələr olub.

JNIM bəyan edib ki, Bamakonun qərbindəki Kenieroba hərbi postu, Mopti regionundakı Kuakuru kəndində yerləşən ordu kazarmaları və Konna yaxınlığındakı Tio hərbi postu qruplaşmanın nəzarətinə keçib. Qruplaşma həmçinin hökumətyönlü “dozo” silahlı dəstələrinin qərargah və mövqelərinə, eləcə də Lere şəhərində Mali ordusu və Rusiyanın “Afrika Korpusu” ilə əlaqələndirilən kazarmalara zərbələr endirdiyini iddia edib.

“Reuters”in digər məlumatında qeyd olunur ki, JNIM azı üç hərbi mövqenin nəzarətə götürüldüyünü iddia edib. Lakin agentlik qruplaşmanın bu iddialarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Mali ordusu isə hücumların qarşısının alındığını bəyan edib. Ordunun məlumatına görə, Sevare və Qao istiqamətlərində onlarla silahlı zərərsizləşdirilib. Mali hərbçiləri bir sıra bölgələrdə vəziyyətin “tam nəzarət altında” olduğunu açıqlayıb, lakin FLA Anefıs istiqamətində yeni əməliyyat başlatdığını və şəhərin nəzarətə götürüldüyünü iddia edib. Bu məlumat da müstəqil təsdiqini tapmayıb.

Bölgədəki gərginlik fonunda FLA hərəkatı Rusiyanın “Afrika Korpusu”na məxsus olduğu bildirilən helikopterlərin Anefısdən yaralıları təxliyə etməyə çalışdığını iddia edib. Hərəkatın məlumatına görə, helikopterlərdən biri vurulub, digəri ağır zədələnib, daha iki helikopter isə atəş altında geri çəkilməyə məcbur olub.

Sosial şəbəkələrdə yayılan kadrlarda, iddiaya görə, Rusiyaya məxsus Mi-24 tipli zərbə helikopterinin qəzaya uğramasından sonrakı görüntülər əks olunub. Silahlı qrup nümayəndələri ekipaj üzvlərinin hamısının həlak olduğunu bildiriblər. Lakin helikopterin vurulması, ekipajın taleyi və görüntülərin dəqiq yeri barədə rəsmi və müstəqil təsdiq hələlik yoxdur. “Al Jazeera” də tuareq silahlılarının Rusiya qüvvələrinin yerləşdiyi bölgələrə hücum etdiyini, lakin bir sıra iddiaların müstəqil təsdiqə ehtiyac duyduğunu qeyd edir.

Qeyd edək ki, Mali son illər həm “Əl-Qaidə” ilə əlaqəli cihadçı qrupların, həm də şimaldakı tuareq separatçı qüvvələrinin hücumları ilə üzləşir. Rusiya ilə əməkdaşlığı gücləndirən Mali hərbi rəhbərliyi ölkədə təhlükəsizliyi bərpa edəcəyini vəd etsə də, son hücumlar ordu və onun rusiyalı müttəfiqləri üzərində təzyiqin artdığını göstərir. “Human Rights Watch”un son hesabatında da Malidə bütün tərəflərin — silahlı qrupların, Mali ordusunun və müttəfiq qüvvələrin — mülki şəxslərə qarşı ciddi pozuntular törətdiyi bildirilir.