HƏMAS Qəzzadakı hökumətini buraxa bilər

“Asharq Al-Awsat”ın məlumatına görə, HƏMAS Qəzza sektorunda faktiki hökumət funksiyalarını yerinə yetirən qurumun buraxılmasına hazırlaşır. Səlahiyyətlərin Əli Şaatın rəhbərlik etdiyi texnokrat komitəyə ötürülməsi planlaşdırılır.

18

HƏMAS Qəzza sektorunda təxminən 20 illik idarəçilikdən sonra faktiki hökumət funksiyalarını yerinə yetirən strukturun buraxılmasına hazırlaşır.

MSNews.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşrinə HƏMAS-dakı iki mənbə məlumat verib. Mənbələrin sözlərinə görə, təşkilat Qəzzada hökumət funksiyalarını icra edən “Hökumətin işinə nəzarət komitəsi”nin buraxıldığını elan etməyə hazırlaşır. Bu addım səlahiyyətlərin yeni “Qəzzanın idarə edilməsi komitəsi”nə ötürülməsinə hazırlığın bir hissəsi kimi təqdim olunur.

Məlumata görə, yeni struktur fələstinli məmur Əli Şaatın rəhbərlik etdiyi texnokrat orqan olacaq. “The Washington Post” daha əvvəl yazmışdı ki, Qəzza üzrə ikinci mərhələ planı çərçivəsində 15 nəfərdən ibarət fələstinli texnokrat komitəsinin yaradılması barədə razılıq əldə olunub və quruma Qəzzadan olan mühəndis, Fələstin Administrasiyasında yüksək vəzifələrdə çalışmış Əli Abdel Hamid Şaat rəhbərlik edəcək.

Mənbələrdən biri iddia edib ki, HƏMAS-ın hazırkı idarəetmə orqanının buraxılması ilə bağlı rəsmi bəyanat artıq bazar ertəsi verilə bilər. Digər mənbə isə qərarın yaxın vaxtlarda elan olunacağını təsdiqləsə də, dəqiq tarix açıqlamayıb. Hələlik HƏMAS tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.

Komitə təxminən altı ay əvvəl formalaşdırılsa da, indiyə qədər Qəzzada faktiki fəaliyyətə başlaya bilməyib. Buna əsas səbəblərdən biri komitə üzvlərinin sektora daxil olması ilə bağlı təhlükəsizlik və icazə məsələləridir. “The Guardian” fevralda yazırdı ki, Komitə hələ Qəzzaya daxil olmağa hazır deyil, maliyyə və təhlükəsizlik mexanizmləri tam formalaşmayıb, komitənin tabeliyində fəaliyyət göstərəcək polis qüvvələrinin hazırlanması isə davam edir.

İdarəetmə sistemində mümkün dəyişikliklər Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsi ətrafında diplomatik fəallığın artdığı vaxta təsadüf edir. “The Washington Post”un məlumatına görə, ikinci mərhələ Qəzzada fələstinli texnokrat administrasiyanın yaradılması, yenidənqurma, təhlükəsizlik mexanizmləri və demilitarizasiya məsələlərini əhatə edir. Bununla belə, əsas fikir ayrılıqları HƏMAS-ın silahsızlaşdırılması və İsrail qüvvələrinin Qəzzadan çıxarılması ətrafında qalır.

HƏMAS və digər Fələstin fraksiyalarındakı mənbələr yaxın iki gün ərzində Qahirədə yeni danışıqların keçiriləcəyini də bildiriblər. Danışıqların Qəzza sektorunda atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə fikir ayrılıqlarının aradan qaldırılmasına həsr olunacağı gözlənilir.

Analitiklər hesab edirlər ki, HƏMAS-ın Qəzzadakı mülki idarəetmə strukturunu buraxması mümkün keçid prosesində mühüm siyasi addım ola bilər. Lakin təhlükəsizlik, silahlı qrupların gələcək statusu, İsrailin mövqeyi və yeni komitənin real səlahiyyətləri aydınlaşmadan bu prosesin nə dərəcədə işlək olacağı hələ sual altındadır.