FIFA Baloqunun cəzasını təxirə saldı

FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəyə görə cəzasının tətbiqini təxirə salıb. Futbolçu Belçika ilə 1/8 final matçında oynaya biləcək.

26

FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəyə görə cəzasının tətbiqini təxirə salıb.

MSNews.az xəbər verir ki, bu qərardan sonra Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı meydana çıxa biləcək. “The Guardian” yazır ki, FIFA İntizam Komitəsi futbolçunun avtomatik bir oyunluq cəzasının tətbiqini dayandırıb və onu bir illik sınaq müddətinə salıb.

Baloqun ABŞ millisinin Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə qazandığı 1/16 final matçında meydandan qovulmuşdu. ABŞ Futbol Federasiyası həmin oyunda Baloqunun erkən qol vurduğunu, ikinci hissədə isə komandanın 10 nəfərlə qaldığını açıqlamışdı.

Qərarın hüquqi əsası FIFA İntizam Məcəlləsinin 27-ci maddəsi ilə izah olunur. Bu maddə intizam tədbirinin tətbiqinin tam və ya qismən təxirə salınmasına imkan verir. Bu səbəbdən Baloqun Belçika ilə oyunu buraxmayacaq, lakin sınaq müddətində oxşar pozuntuya yol versə, cəza yenidən qüvvəyə minə bilər.

Məlumata görə, Baloqunun qırmızı vərəqəsi VAR yoxlamasından sonra göstərilib. Hadisə zamanı onun rəqib futbolçunun topuğuna basdığı bildirilsə də, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino və futbolçunun özü epizodun qəsdən olmadığını deyiblər. “talkSPORT” yazır ki, FIFA-nın qərarı ABŞ millisinin Belçika ilə oyun öncəsi heyət planlarına ciddi üstünlük verib.

Bu qərar DÇ-2026-da oxşar presedentləri də gündəmə gətirib. Turnirdən əvvəl Kristianu Ronaldunun İrlandiya ilə matçda aldığı qırmızı vərəqədən sonra üç oyunluq cəzasının bir hissəsi eyni əsasla təxirə salınmışdı.

Qeyd edək ki, ABŞ və Belçika arasında 1/8 final qarşılaşması iyulun 6-da keçiriləcək. Matçın qalibi 1/4 finalda Portuqaliya–İspaniya cütünün qalibi ilə üz-üzə gələcək.