Ekvador futbolçularına kartel təhdidi iddiası

Argentina jurnalisti Eduardo Feynmann Meksika kartelinin Ekvador millisinin 5 futbolçusunu hədələdiyini iddia edib. Lakin fakt-yoxlama resursları və açıq mənbələr bu iddianı təsdiqləyən sübut olmadığını bildirir.

15

DÇ-2026-nın 1/16 final mərhələsində Meksika–Ekvador oyunu ətrafında yayılan kartel təhdidi iddiası sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

MSNews.az xəbər verir ki, argentinalı jurnalist Eduardo Feynmann “Radio Mitre” efirində Meksika kartelinin Ekvador millisinin 5 futbolçusu ilə əlaqə saxladığını və onların ailə üzvləri barədə şəxsi məlumatlar təqdim edərək hədələdiyini iddia edib. “Cooperativa” yazır ki, Feynmannın sözlərinə görə, iddia olunan təhdidlər Meksika ilə oyundan əvvəl baş verib. “Pulzo” isə jurnalistin “futbolçular Meksikaya qarşı uduzmağa məcbur edilib” iddiasını səsləndirdiyini bildirib.

Qeyd edək ki, Meksika millisi Ekvadoru 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Meksikanın qollarını Xulian Kinyones və Raul Ximenes vurub. Bu nəticə Meksikanın 1986-cı ildən bəri dünya çempionatlarında ilk pley-off qələbəsi olub.

Bununla belə, Ekvador futbolçularının kartel tərəfindən hədələnməsi barədə iddia hələlik rəsmi təsdiqini tapmayıb. “Chequeado” fakt-yoxlama platforması yazır ki, bu iddianı təsdiqləyən heç bir sübut yoxdur. Mənbənin məlumatına görə, Ekvador Futbol Federasiyasının son açıqlamalarında kartel təhdidi barədə məlumat yer almayıb, “Verificado México”“Lupa Media” da belə bir təhdidin təsdiqləndiyini bildirən faktla rastlaşmadıqlarını qeyd ediblər.

Ekvador tərəfi Meksika ilə oyun ərəfəsində bəzi “oyundankənar hallar”la bağlı narazılıq bildirib. “The Guardian” yazır ki, Ekvador Futbol Federasiyası Meksika azarkeşlərinin gecə saatlarında komandanın oteli qarşısında səs-küy yaratması ilə bağlı FIFA-ya rəsmi şikayət edib. Lakin həmin şikayətdə kartel təhdidi barədə məlumat göstərilməyib.

“Chequeado” həmçinin qeyd edir ki, oyunun bir saat gec başlaması sosial şəbəkələrdə iddia ilə əlaqələndirilsə də, bunun rəsmi səbəbi stadion ərazisində güclü ildırım və təhlükəsizlik protokolunun tətbiqi olub. Platforma FIFA adından yayılan və guya Meksika–Ekvador oyunu ilə bağlı araşdırma başladıldığını göstərən sənədin də saxta olduğunu bildirib.