Ukraynadakı müharibə və Rusiyadan qaynaqlanan təhlükəsizlik riskləri Avropada Fransa-Türkiyə münasibətlərinin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.
MSNews.az xəbər verir ki, “Middle East Eye” nəşri Parisin Ankara ilə münasibətləri “yenidən başlatmaq” imkanını nəzərdən keçirdiyini yazıb. Nəşrin məlumatına görə, Fransa Türkiyəni Ukraynaya dəstək, Rusiya ilə bağlı risklər və Avropanın müdafiə arxitekturasının dəyişməsi fonunda daha mühüm təhlükəsizlik tərəfdaşı kimi qiymətləndirir.
Məlumata əsasən, Parisdə Türkiyənin NATO daxilində rolu, Ukraynaya verdiyi dəstək və Moskva ilə daha məsafəli xəttə keçməsi müsbət qarşılanır. “Middle East Eye” yazır ki, Fransa rəsmiləri Ankaranı Fransanın rəhbərlik etdiyi “İstəkli ölkələr koalisiyası” ilə yanaşı, Avropa təhlükəsizliyinin mümkün dayaqlarından biri kimi görməyə başlayıblar. Bununla belə, nə Paris, nə də Ankara hələlik münasibətlərin “sıfırlanması” ilə bağlı rəsmi razılaşma elan edib.
Mövzu iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində gündəmə gəlib. “Anadolu Agentliyi” Yelisey Sarayına istinadən yazır ki, sammitdə Avropa təhlükəsizliyi, Ukraynaya dəstək və ABŞ-Avropa səylərinin yenidən uyğunlaşdırılması əsas müzakirə mövzularından olacaq. Mənbənin məlumatına görə, sammit çərçivəsində Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş də gözlənilir.
Türkiyə tərəfi də Avropa təhlükəsizlik təşəbbüslərində daha fəal iştirak tələb edir. “Reuters”-ə müsahibəsində Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və Avropa müdafiə təşəbbüslərindən kənarda saxlanılması “strateji baxımdan yanlış yanaşma”dır. O, Avropanın Türkiyə ilə əməkdaşlığa daha açıq və “uzaqgörən” yanaşmalı olduğunu deyib.
Rəcəb Tayyib Ərdoğan da daha əvvəl NATO müttəfiqlərini Türkiyənin Avropa təhlükəsizliyinə verdiyi töhfələri nəzərə almağa çağırıb. “Reuters”-in məlumatına görə, Ərdoğan müdafiə sənayesi sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını və Türkiyənin qitədəki müdafiə və təhlükəsizlik təşəbbüslərinə cəlb edilməsini istəyib.
Bununla yanaşı, Fransa və Türkiyə arasında hələ də həllini gözləyən fikir ayrılıqları qalır. Son illərdə tərəflər Liviya, Şərqi Aralıq dənizi, Suriya, NATO siyasəti və müdafiə sənayesi kimi mövzularda müxtəlif dövrlərdə qarşı-qarşıya gəliblər. Hazırkı proses isə daha çox Ukrayna müharibəsi, Rusiyaya qarşı çəkindirmə siyasəti və Avropanın ABŞ-dan daha müstəqil təhlükəsizlik rolu formalaşdırmaq cəhdləri ilə əlaqələndirilir.