Artsrun Hovhannisyan universitetə rəhbər təyin edildi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Artsrun Hovhannisyanı Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəhbəri təyin edib.

24

Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinə yeni rəhbər təyin olunub.

MSNews.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla polkovnik Artsrun Hovhannisyan bu vəzifəyə gətirilib.

Bu barədə məlumat Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

Fərmanda qeyd edilir ki, təyinat Baş nazirin təklifi əsasında, Ermənistan Konstitusiyasının və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq həyata keçirilib.

Sənədə əsasən, Artsrun Hovhannisyan Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəhbəri təyin olunub. Fərman 2026-cı il iyulun 1-də imzalanıb.

Bundan əvvəl başqa bir fərmanla Albert Bağdasaryan həmin universitetin rəhbəri vəzifəsindən azad edilib. “Pastinfo” yazır ki, hər iki qərar Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında qəbul olunub.

Artsrun Hovhannisyan 2020-ci il müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin əsas informasiya simalarından biri kimi tanınıb. O, həmin dövrdə Ermənistan tərəfinin rəsmi brifinqlərində çıxış edir və cəbhədəki vəziyyətlə bağlı məlumatlar təqdim edirdi. Daha sonra o, Müdafiə Nazirliyində təhsil və kadr siyasəti istiqamətində vəzifə tutub.

Onun adı 2025-ci ildə İkinci Dünya müharibəsi ilə bağlı qalmaqallı açıqlamalara görə də gündəmə gəlmişdi.

OC Media yazır ki, 2025-ci il mayın 9-da Ermənistan İctimai Televiziyasında yayımlanan müsahibədə Hovhannisyan Stalinqrad döyüşünün Ermənistan üçün əhəmiyyətini sual altına alıb və bu mövzuda Ermənistanda yayılmış tarixi yanaşmaları “mif” adlandırıb.

Məlumata görə, Hovhannisyan çıxışında nasist Almaniyasının “Gertrud” planına istinad edib və Almaniyanın Stalinqraddan sonra Qafqaz istiqamətində irəliləyərək Türkiyəyə hücum edə biləcəyini iddia edib. O, bu ssenarinin “birləşmiş tarixi Ermənistan”ın yaradılması ilə nəticələnə biləcəyini söyləyib.

Bu fikirlər Ermənistanda, Rusiyada və region mediasında ciddi tənqidlərə səbəb olmuşdu. “Sputnik Ermənistan” həmin vaxt politoloq Artur Xaçikyanın bu sözləri sərt tənqid etdiyini və nasist Almaniyasının Ermənistana “Böyük Ermənistan” hədiyyə edəcəyinə dair sənəd görmədiyini dediyini yazmışdı.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031