Özbəkistan millisinin kapitanı Eldor Şomurodovun Konqo DR ilə oyunda vurduğu qol 2026-cı il dünya çempionatının qrup mərhələsində ən yaxşı qol seçilib.
MSNews.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat dərc olunub.
FIFA bildirir ki, Şomurodovun Konqo DR -na qarşı dar bucaqdan vurduğu aşırma zərbə azarkeş səsverməsində 36% səs toplayaraq qalib olub.
Qol Özbəkistanın qrup mərhələsində Konqo DR ilə keçirdiyi son oyunda qeydə alınıb. Şomurodov 10-cu dəqiqədə rəqib müdafiəsindəki anlaşılmazlıqdan istifadə edərək qapıçının irəli çıxdığını görüb və sol ayaqla topu çox çətin bucaqdan qapıya göndərib.
Bu qol Özbəkistan millisinin mundialdakı ən yaddaqalan epizodlarından biri kimi qiymətləndirilib. Komanda həmin oyunda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib və Konqoya 1:3 hesabı ilə məğlub olub.
“Sports.ru” yazır ki, səsvermədə ilk üçlüyə Şomurodovun qolundan başqa Haitili hücumçu Vilson İzidorun Mərakeşə qarşı vurduğu qol və Bosniya və Herseqovina millisinin futbolçusu Kerim Alaybeqoviçin Qətərlə oyundakı qolu da daxil olub.
Məlumata görə, Şomurodov 36% səslə birinci olub. İzidorun qolu ikinci, Alaybeqoviçin zərbəsi isə üçüncü yeri tutub.
Şomurodovun qolu “Hyundai Goal of the Tournament” səsverməsinin ilk mərhələsində qalib olub. FIFA turnirin növbəti mərhələlərindən sonra da ən yaxşı qollar üzrə ayrıca səsvermələr keçirəcək və yekunda mundialın ən yaxşı qolu müəyyənləşdiriləcək.
Eldor Şomurodov Özbəkistan millisinin kapitanı və əsas hücumçusudur. Onun DR Konqoya qarşı vurduğu qol komandanın debüt dünya çempionatında ən parlaq anlarından biri kimi yadda qalıb.