2026-cı il dünya çempionatının qrup mərhələsində stadionlarda azarkeşlərin ən çox aldığı məhsullar açıqlanıb.
MSNews.az xəbər verir ki, bu barədə FIFA rəsmi hesabatında məlumat yayıb. Qurumun açıqlamasına görə, qrup mərhələsində stadionlarda azarkeşlər 2,8 milyondan çox pivə və 300 min hot-doq alıblar.
FIFA bildirib ki, alınan hot-doqlar uc-uca düzülsə, onların uzunluğu təxminən 45 kilometrə çatardı.
Maraqlıdır ki, stadionlarda su pivədən daha az alınıb. FIFA-nın məlumatına görə, qrup mərhələsində azarkeşlər təxminən 1 milyon şüşə su alıblar.
Menyudakı populyar məhsullar ev sahibi ölkələrə görə fərqlənib. FIFA qeyd edir ki, Kanadada pivə və çips, ABŞ-da hot-doq, Meksikada isə pizza və kartof fri daha çox satılıb.
Qurumun hesabatına əsasən, qrup mərhələsində oyunları stadionlardan 4 milyon 644 min 549 azarkeş izləyib. Bu, yerlərin 99,7 faizinin dolması deməkdir. Orta tamaşaçı sayı isə hər oyun üçün 64 min 508 nəfər olub.
Bundan başqa, FIFA Fan Festival zonalarında da böyük aktivlik qeydə alınıb. Qrup mərhələsində üç ev sahibi ölkədə fan festival tədbirlərinə 5,5 milyondan çox azarkeş qatılıb. Bu zonalarda təxminən 2 milyon sərin içki və su, həmçinin 2 milyondan çox alkoqollu içki istehlak edilib.