Pakistan Əfqanıstanda hədəflərə zərbə endirdi

Pakistan Əfqanıstanın şərqində “Təhrik-e Taliban Pakistan”la əlaqəli obyektləri hədəfə aldığını bildirib. Kabil isə hücumlar nəticəsində mülki şəxslərin öldüyünü və yaralandığını açıqlayıb.

24

Pakistan Əfqanıstanın şərqində silahlı qruplarla əlaqəli olduğunu bildirdiyi hədəflərə hava zərbələri endirib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgəsində quru əməliyyatı və hava zərbələri həyata keçirib. Pakistan tərəfi əməliyyatlar nəticəsində azı 29 silahlının öldürüldüyünü bildirib.

Pakistanın informasiya naziri Attaullah Tarar sosial media hesabında əməliyyatın ölkə daxilində son günlər baş verən silahlı hücumlara cavab olaraq keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, Paktia, Paktika və Kunar vilayətlərində üç hədəf “dəqiq zərbələr” nəticəsində məhv edilib.

“Associated Press” yazır ki, Pakistan tərəfi əməliyyatın “Təhrik-e Taliban Pakistan” — TTP və onunla əlaqəli qrupların sığınacaqlarına qarşı yönəldiyini bildirib. TTP Əfqanıstandakı Taliban hərəkatından ayrı struktur hesab olunur, lakin tərəflər arasında ideoloji və tarixi əlaqələrin olduğu qeyd edilir.

“Al Jazeera”nin məlumatına görə, əməliyyat Karaçidə Pakistan Rangers qüvvələrinin regional qərargahına edilən hücumdan bir gün sonra baş tutub. Həmin hücumda üç hərbçi həlak olub. Hücuma görə məsuliyyəti Pakistan Talibanının qolu sayılan “Jamaat-ul-Ahrar” üzərinə götürüb.

Əfqanıstanın Taliban administrasiyası isə Pakistanın açıqlamalarını rədd edərək hücumların yaşayış məntəqələrinə zərər vurduğunu bildirib. “Anadolu Agentliyi”nin məlumatına görə, Kabul zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla mülki şəxslərin öldüyünü və yaralandığını iddia edib.

“Arab News” yazır ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanın Paktika, Paktia və Kunar vilayətlərində yaşayış bölgələrini hədəfə aldığını bildirib. O, hücumları “təcavüz aktı” adlandıraraq pisləyib.

Hadisə Pakistan və Əfqanıstan arasında sərhəd gərginliyinin yenidən artdığı bir vaxtda baş verib. İslamabad Kabulu TTP döyüşçülərinə sığınacaq verməkdə ittiham edir. Əfqanıstanın Taliban administrasiyası isə bu ittihamları rədd edir və Pakistan daxilindəki təhlükəsizlik problemlərinin ölkənin daxili məsələsi olduğunu bildirir.

Müstəqil mənbələr hücumlar nəticəsində ölənlərin kimliyi və dəqiq sayını hələlik təsdiqləməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti