Uruqvay millisinin DÇ-2026-da qrup mərhələsindən kənarda qalmasından sonra komandanın vətənə dönüşü ilə bağlı mübahisə yaranıb.
MSNews.az xəbər verir ki, Urugvay jurnalisti Martín Şarkuero sosial şəbəkə hesabında Uruqvay Futbol Assosiasiyasının milli komanda üçün nəzərdə tutulan çarter reysini ləğv etdiyini bildirib. Bu məlumatdan sonra bir sıra media qurumları futbolçuların və məşqçilər heyətinin ölkəyə adi kommersiya reysləri ilə qayıdacağını yazıb.
İspaniyanın “AS” nəşri də Charqueronun paylaşımına istinadən çarter reysinin ləğvi barədə məlumat yayıb. Lakin nəşr qeyd edib ki, Assosiasiya sonradan rəsmi açıqlama verərək bu iddianı fərqli formada izah edib.
Qurum rəsmi bəyanatında bildirib ki, millinin turnirə gedişi zamanı çarter reysindən istifadə olunması heyətin sayının 150 nəfərdən çox olması və 5 tondan artıq avadanlığın daşınması ilə bağlı idi. Qurumun açıqlamasına görə, geri dönüş üçün isə əvvəldən çarter reysi nəzərdə tutulmayıb, çünki komandanın turniri hansı şəhərdən tərk edəcəyi əvvəlcədən bilinmirdi.
Qurum əlavə edib ki, turnir başa çatdıqdan sonra heyətin böyük hissəsi birbaşa yaşadığı və klublarının yerləşdiyi ölkələrə yollanacaq. Buna görə də qalan nümayəndə heyətinin kommersiya reysləri ilə geri dönməsi “ən sürətli və səmərəli yol” kimi seçilib.
Uruqvayın “El Observador” nəşri də AUF-un mövqeyini dərc edərək qurumun “plan dəyişikliyi olmadığını” bildirdiyini yazıb. Bununla belə, sosial şəbəkələrdə və bəzi media materiallarında qərar Uruqvay millisinin uğursuz çıxışına reaksiya kimi şərh olunub.
Uruqvay DÇ-2026-nın H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə mübarizə aparıb. Marselo Byelsa rəhbərliyindəki komanda qrup mərhələsini qələbəsiz başa vurub: Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzub.