“Lumumba” ABŞ vizası ala bilmədi

Konqo DR-nın “Lumumba Vea” ləqəbli məşhur azarkeşi Mişel Kuka Mboladinqa ABŞ vizası ala bilmədiyi üçün Özbəkistanla həlledici Dünya Kuboku matçında iştirak edə bilməyəcək.

16

Konqo Demokratik Respublikasının “Lumumba Vea” ləqəbi ilə tanınan məşhur azarkeşi Mişel Kuka Mboladinqa Özbəkistanla həlledici Dünya Kuboku matçını stadiondan izləyə bilməyəcək.

MSNews.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb. Bildirilir ki, konqolu azarkeş ABŞ-a giriş üçün viza ala bilmədiyindən Atlanta şəhərində keçiriləcək vacib oyunda iştirak etməyəcək.

“Reuters” də yazır ki, Mişel Kuka Mboladinqa ABŞ vizası ala bilmədiyi üçün Konqonun Özbəkistanla qarşılaşacağı Dünya Kuboku oyununda komandasına stadiondan dəstək verə bilməyəcək. Agentliyin məlumatına görə, azarkeş Konqonun Kolumbiya ilə Meksikada keçirilən əvvəlki oyununda iştirak etsə də, ABŞ-dakı matça gedə bilməyib.

“Lumumba Vea” ləqəbi ilə məşhurlaşan Mboladinqa tribunada hərəkətsiz dayanması və ölkənin müstəqillik liderlərindən olan Patris Lumumbaya bənzər obrazı ilə tanınır. Onun bu simvolik davranışı əvvəlcə Afrika Millətlər Kubokunda geniş diqqət çəkmiş, daha sonra beynəlxalq medianın marağına səbəb olmuşdu.

Konqo DR üçün Özbəkistanla görüş xüsusi əhəmiyyət daşıyır. Komanda qrup mərhələsində iki oyundan sonra cəmi bir xala malikdir və turnirdə mübarizəni davam etdirmək üçün Özbəkistan üzərində qələbəyə ehtiyac duyur.

Qeyd edək ki, Konqo DR 1974-cü ildən sonra ilk dəfə Dünya Kubokunda iştirak edir. Həmin vaxt komanda turnirdə Zair adı ilə çıxış etmişdi.