Serbiya Prezidenti Vuçiç istefa verəcəyini açıqladı

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələrdə vəzifəsindən istefa verəcəyini bildirib. Onun açıqlaması Belqradda tərəfdarları qarşısında keçirilən mitinqdə səslənib.

13

MSNews.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələrdə vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Reuters” agentliyinin məlumatına görə, Vuçiç bu barədə iyunun 27-də Belqradda tərəfdarları qarşısında keçirilən hökumətyönlü mitinqdə danışıb. O bildirib ki, “bir neçə həftə” daha prezident vəzifəsində qalacaq, bundan sonra istefa verəcək.

Serbiyanın dövlət xəbər agentliyi “Tanjug” Vuçiçin çıxışından sitat gətirərək onun “bir neçə həftə prezident olacağını, sonra isə istefa ərizəsi təqdim edəcəyini” yazıb. Açıqlama Belqradda Milli Assambleyanın binası qarşısında keçirilən “Serbiya bir ailədir” adlı mitinqdə səsləndirilib.

“Associated Press” yazır ki, Vuçiçin qərarı Serbiyada növbədənkənar prezident və parlament seçkilərinə yol aça bilər. Agentliyin məlumatına görə, o, dəqiq istefa tarixi və seçkilərin vaxtı ilə bağlı konkret açıqlama verməyib.

“Euronews” bildirir ki, Vuçiçin ikinci prezidentlik müddəti 2027-ci ilin ortalarında başa çatmalı idi. Serbiya qanunvericiliyinə görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident seçilə bilməz.

Vuçiç çıxışında hakim Serbiya Tərəqqi Partiyasına qarşıdakı seçkilərdə dəstək verəcəyini bildirib. Yerli media, o cümlədən “N1 Srbija”, onun hakim partiyanın seçki siyahısının “Birləşmiş Serbiya” adlandırılmasını təklif etdiyini yazıb.

Qeyd edək ki, Serbiyada son aylarda hökumət əleyhinə etirazlar davam edir. Etirazlar xüsusilə 2024-cü ildə Novi Sad şəhərində dəmiryolu vağzalında baş vermiş faciədən sonra güclənib. Müxalifət və tələbə hərəkatları hadisəni korrupsiya və idarəetmə problemləri ilə əlaqələndirsə də, hakimiyyət bu ittihamları rədd edir.