İsrailin Somalilendə hərbçi göndərdiyi iddia olunur

“Middle East Eye” İsrailin Somalilendə təxminən 50 hərbçi göndərdiyini yazıb. Somalilend rəsmiləri İsrail bazası iddialarını təkzib edir, lakin təlim əməkdaşlığını təsdiqləyir.

21

İsrailin Somalilendə hərbçi göndərdiyi iddia olunur.

MSNews.az xəbər verir ki, “Middle East Eye” yüksək vəzifəli Somali rəsmisinə istinadən İsrailin Somalilend ərazisinə təxminən 50 hərbçi yerləşdirdiyini yazıb. Mənbənin iddiasına görə, missiya İsrailin Somalilendi tanımasından sonra təhlükəsizlik razılaşmaları çərçivəsində həyata keçirilib.

Nəşrin məlumatına əsasən, diqqət çəkməmək üçün missiyaya Afrika mənşəli, o cümlədən Efiopiya əsilli israilli hərbçilərin cəlb edildiyi bildirilir. Bununla belə, bu iddia hələlik İsrail və ya Somalilend rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

i24NEWS” yazır ki, İsrail ordusu məsələ ilə bağlı şərh verməkdən imtina edib və bunu siyasi məsələ kimi qiymətləndirib. Somalilend hakimiyyəti isə İsrail hərbi bazasının mövcudluğunu inkar edir.

Reuters”in məlumatına görə, Somalilendin müdafiə naziri Məhəmməd Yusuf Əli İsrailin yerli polis və hərbçilərin hazırlanmasına dəstək verdiyini təsdiqləyib. Lakin o, İsrailin Somalilenddə hərbi bazaya malik olması və ya belə bir bazanın yaradılması ilə bağlı danışıqlar aparılması barədə xəbərləri “şayiə” adlandırıb.

İsrailin müdafiə naziri İsrael Kats isə Somalilend Prezidenti Əbdürrəhman Məhəmməd Abdullahi ilə görüşündə iki tərəf arasında illərdir “radardan kənar” təhlükəsizlik əməkdaşlığının mövcud olduğunu bildirib. “The Times of Israel” yazır ki, Kats bu əməkdaşlığın “yeni səviyyəyə” qaldırılmasının planlaşdırıldığını deyib.

Somalilend 1991-ci ildə Somalidən ayrıldığını elan etsə də, uzun müddət heç bir BMT üzvü tərəfindən müstəqil dövlət kimi tanınmırdı. “The Guardian”in məlumatına görə, İsrail 2025-ci ilin dekabrında Somalilendi tanıyan ilk ölkə olub. Somali hökuməti bu addımı öz suverenliyinə qarşı müdaxilə kimi qiymətləndirib.