Vinni-Puxun adı Kanada ilə bağlı imiş

Məşhur Vinni-Pux obrazının adı Kanadanın Vinnipeq şəhəri ilə bağlıdır. Bu maraqlı fakt Kanada millisinin DÇ-2026-da İsveçrə ilə oyunu öncəsi gündəmə gəlib.

11

Məşhur Vinni-Pux obrazının adının Kanada ilə bağlı olması Kanada millisinin dünya çempionatındakı növbəti oyunu öncəsi yenidən gündəmə gəlib.

MSNews.az xəbər verir ki, “Sports.ru” jurnalisti Yuri İstomin Kanada–İsveçrə oyunu ərəfəsində Vinni-Puxun adının tarixi barədə yazı dərc edib. Yazıda qeyd olunur ki, obrazın adı Kanadanın Vinnipeq şəhəri ilə bağlıdır.

Məşhur ayı obrazının müəllifi Alan Aleksandr Miln olub. O, oğlu Kristofer Robinin oyuncaq ayı, eşşək, donuz balası və pələnglə oynadığını müşahidə etdikdən sonra bu personajları gələcək kitablarının qəhrəmanlarına çevirib. Oyuncaq ayının ilk adı isə “Edward Bear” olub.

Sonradan ad dəyişib. Kristofer Robin London Zooparkında Vinni adlı ayı ilə tanış olub. Bu ayını Birinci Dünya müharibəsi zamanı kanadalı hərbi baytar Harri Kolborn almış və onu yaşadığı Vinnipeq şəhərinin şərəfinə “Winnie” adlandırmışdı.

“The Real Winnie” layihəsinin məlumatına görə, Kolborn ayını Kanadadan Avropaya aparıb, daha sonra isə onu London Zooparkına təhvil verib. Vinni zooparkda məşhurlaşıb və Kristofer Robinin sevimli heyvanlarından birinə çevrilib.

Bundan sonra Kristofer Robin öz oyuncaq ayısına “Winnie” adını verib. Milnin kitablarında isə personaj “Winnie-the-Pooh” adı ilə dünya uşaq ədəbiyyatının ən tanınmış qəhrəmanlarından birinə çevrilib.

Bu maraqlı tarixi detal Kanada millisinin DÇ-2026-da İsveçrə ilə oyunu fonunda diqqət çəkib. “The Guardian” yazır ki, hər iki komanda artıq 1/16 final mərhələsinə vəsiqəni təmin edib, lakin görüş B qrupunda birincilik baxımından əhəmiyyət daşıyır.

Kanada ilk iki oyunda Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib, daha sonra Qətəri 6:0 məğlub edərək kişilər arasında dünya çempionatlarında ilk qələbəsini qazanıb. İsveçrə isə Qətərlə heç-heçə edib və Bosniya və Herseqovinaya 4:1 hesabı ilə qalib gəlib.