Niderlandda ilk dəfə 12 yaşdan kiçik uşağa evtanaziya tətbiq edildi

Niderlandda qanunvericilik dəyişikliyindən sonra ilk dəfə 12 yaşdan kiçik uşağa evtanaziya tətbiq edilib. Prosedur ağır xəstəlik və dözülməz iztirab səbəbindən həyata keçirilib.

17

Niderlandda qanunvericilik dəyişikliyindən sonra ilk dəfə 12 yaşdan kiçik uşağa evtanaziya tətbiq edilib.

MSNews.az xəbər verir ki, “Dutch News” bu barədə Niderlandın səhiyyə naziri Sofi Hermansın parlamentə məktubuna istinadən məlumat yayıb. Bildirilib ki, hadisə qanun dəyişikliyindən sonra 1–12 yaş aralığında olan uşaqla bağlı qeydə alınan ilk belə haldır.

Məlumata görə, prosedur ağır xəstə olan uşağa tətbiq edilib. Uşağın şəxsiyyəti, xəstəliyi və hadisənin digər detalları açıqlanmayıb.

“NL Times” yazır ki, Niderlandda 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşadək uşaqlar üçün evtanaziyaya yalnız çox ciddi şərtlərlə icazə verilir. Qərar valideynlərlə məsləhətləşmə əsasında qəbul edilməli, uşağın sağalmaz xəstəlikdən əziyyət çəkdiyi və sağalma ümidi olmadan dözülməz iztirab yaşadığı təsdiqlənməlidir.

Niderland hökumətinin rəsmi izahında qeyd olunur ki, belə hallarda həkim xüsusi prosedura əməl etməli, qərar tibbi biliklərə əsaslanmalı və sonradan xüsusi qiymətləndirmə komissiyası tərəfindən yoxlanılmalıdır.

Əvvəllər Niderlandda bu imkan yalnız 1 yaşadək körpələr və 12 yaşdan yuxarı yeniyetmələr üçün mövcud idi. Hakimiyyət belə halların çox nadir olacağını və ildə təxminən beş dəfədən çox baş verməyəcəyini gözləyirdi.