Azərbaycan və Türkmənistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
MSNews.az xəbər verir ki, bu barədə “Prezident.az” məlumat yayıb. Mərasim iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə baş tutub.
Əvvəlcə dövlət başçıları Azərbaycan və Türkmənistan prezidentlərinin Birgə Bəyanatını imzalayıblar. Daha sonra iki ölkə arasında gömrük, idman, əmək və sosial müdafiə, səhiyyə, qida təhlükəsizliyi, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə-iqtisadi əməkdaşlıq və diplomatik əlaqələr üzrə sənədlər mübadilə olunub.
Sənədlər sırasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinə dair texniki şərtlər, qarşılıqlı ticarətin gömrük statistikası üzrə əməkdaşlıq protokolu, idman və səhiyyə sahələrində anlaşma memorandumları, həmçinin 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq proqramı yer alıb.
Tərəflər energetika sahəsində əməkdaşlıq haqqında sazişi, iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətlərinə dair sazişi, eləcə də Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında 2026-2029-cu illər üçün əməkdaşlıq proqramını da mübadilə ediblər.
İmzalanan sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin müxtəlif istiqamətlərdə genişləndirilməsi və ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.