İspaniya millisi DÇ-2026-nın “H” qrupunda ilk qələbəsini böyükhesablı nəticə ilə qazanıb.
MSNews.az xəbər verir ki, İspaniya Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 11-ci dəqiqədə Lamin Yamal açıb. Gənc futbolçu ilk start oyununda fərqlənərək İspaniyanın üstünlüyünün əsasını qoyub.
21-ci dəqiqədə Mikel Oyarzabal hesabı 2:0 edib. Cəmi üç dəqiqə sonra o, ikinci dəfə fərqlənərək dublunu rəsmiləşdirib və İspaniya ilk hissəni 3:0 öndə tamamlayıb.
İkinci hissənin əvvəlində Səudiyyə Ərəbistanı müdafiəçisi Hassan Al-Tambakti avtoqol müəllifi olub. 49-cu dəqiqədə qeydə alınan bu qol yekun hesabı müəyyənləşdirib .
Matçın sonlarında Ferran Torres də topu qapıdan keçirsə də, VAR baxışından sonra qol ofsayd səbəbindən ləğv edilib.
İspaniya ilk turda Kabo-Verde ilə 0:0 hesablı heç-heçədən sonra bu oyunda daha aqressiv və hücumameyilli çıxış edib.
Luis de la Fuentenin komandası oyunun taleyini faktiki olaraq ilk 25 dəqiqədə həll edib. Lamin Yamalın fəallığı və Oyarzabalın effektivliyi Səudiyyə Ərəbistanı müdafiəsini çətin vəziyyətə salıb.
Bu qələbə İspaniyanın qrupdan çıxmaq şanslarını xeyli gücləndirib. Səudiyyə Ərəbistanı isə böyük məğlubiyyətə baxmayaraq, son turda nəticədən asılı olaraq pley-off mübarizəsində qalmağa çalışacaq.