Serxio Buskets “Barselona”ya məşqçi kimi qayıtdı

“Barselona”nın əfsanəvi futbolçusu Serxio Buskets klubun əvəzedici komandası “Barça Atlètic”də baş məşqçi Xuliano Bellettinin köməkçisi təyin olunub. Bu, onun məşqçilik karyerasında ilk rəsmi təcrübəsidir.

59

“Barselona”nın sabiq kapitanı Serxio Buskets kluba məşqçi kimi qayıdıb. O, “Barça Atlètic”də baş məşqçi Juliano Bellettinin köməkçisi kimi fəaliyyət göstərəcək.

MSNews.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasına istinadən “Barça Blaugranes” məlumat yayıb. Buskets avqustun 17-dən etibarən Bellettinin məşqçilər korpusuna qoşulub və paralel olaraq məşqçilik kursunu davam etdirəcək. Bu, 38 yaşlı keçmiş yarımmüdafiəçinin məşqçi kimi ilk rəsmi iş təcrübəsidir.

Buskets futbolçu kimi “Barselona”dan ayrıldıqdan üç il sonra kluba qayıdır. O, Kataloniya klubunun əsas komandasında 15 mövsüm keçirib, 722 oyuna çıxıb və 32 titul qazanıb. Bu göstəricilərə üç Çempionlar Liqası və doqquz La Liqa çempionluğu daxildir.

2023-cü ildə “Barselona”dan ayrılan Buskets karyerasını ABŞ-ın “Inter Miami” klubunda davam etdirib və 2025-ci ilin sonunda peşəkar futbolla vidalaşıb. İndi isə o, məşqçilik karyerasının ilk addımını vaxtilə futbolçu kimi də çıxış etdiyi “Barça Atlètic”də atır.