Ermənistanda parlament sədri postuna üç namizəd müzakirə olunur

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında Milli Assambleyanın sədri postu üçün Alen Simonyan, Ruben Rubinyan və Hayk Koncoryanın namizədliyi müzakirə olunur.

16

Ermənistanda yeni parlamentin sədri postuna namizədlər müzakirə olunur.

MSNews.az xəbər verir ki, “News.am” “Hraparak” qəzetinə istinadən hakim “Vətəndaş müqaviləsi” partiyasında Milli Assambleyanın sədri vəzifəsi üçün üç əsas namizədin adının çəkildiyini yazır.

Məlumata görə, mümkün namizədlər sırasında parlamentin hazırkı sədri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan var.

Ermənistan mediası yazır ki, yeni parlament hələ tam formalaşmasa da, hakim partiya daxilində əsas vəzifələrin bölüşdürülməsi ilə bağlı müzakirələr başlayıb. Parlament sədri postu isə bu prosesin ən diqqətçəkən mövzularından biri hesab olunur.

“Hraparak”ın məlumatına görə, seçki kampaniyası dövründə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun da bu posta namizəd ola biləcəyi müzakirə olunub. Lakin onun öz namizədliyini irəli sürmədiyi və partiya daxilində heç kimin onu bu vəzifəyə təklif etmədiyi bildirilir.

Mənbələr iddia edir ki, Alen Simonyan baş nazir Nikol Paşinyanın məhz onun namizədliyini dəstəkləyəcəyinə əmindir. Ermənistan mediasının yazdığına görə, Simonyan bu barədə yaxın çevrəsində açıq danışır.

Bununla belə, qərar hələ rəsmi şəkildə elan olunmayıb. Bildirilir ki, son seçim əvvəlcə “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətində müzakirə ediləcək, daha sonra parlament fraksiyasına təqdim olunacaq.