Almaniyanın “Der Spiegel” jurnalının yeni üz qabığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, “Der Spiegel”in rəsmi mağazasında jurnalın 26/2026 nömrəsinin əsas mövzusubaşlığı ilə təqdim olunub. Üz qabığında nasist Almaniyasının hərbçilərinin fotosu fonunda “85 il əvvəl nasist Almaniyası Sovet İttifaqına hücum etdi. Cinayətlərin ailələrdə və siyasətdə necə iz buraxdığı” ifadəsi yer alıb.
Mövzu 22 iyun 1941-ci ildə başlayan “Barbarossa əməliyyatı”na həsr edilib. Həmin gün nasist Almaniyası Sovet İttifaqına hücum edib və bununla Şərq cəbhəsində İkinci Dünya müharibəsinin ən qanlı mərhələlərindən biri başlayıb.
Lakin jurnalın “Rusiyaya qarşı müharibəmiz” başlığı birmənalı qarşılanmayıb. “Berliner Zeitung” yazır ki, tarixçilər, siyasətçilər və Ukrayna tərəfdarları bu ifadəni tarixi sadələşdirmə kimi qiymətləndiriblər.
Tənqidçilərin fikrincə, nasist Almaniyasının hücumu yalnız Rusiyaya yox, bütün Sovet İttifaqına qarşı yönəlmişdi. Bu müharibənin əsas ağır nəticələri Ukrayna, Belarus, Baltik ölkələri, Moldova və digər sovet respublikalarının ərazilərində də yaşanıb.
Buna görə də bir sıra şərhçilər “Rusiya” sözünün “Sovet İttifaqı”nı əvəz etməsini tarixi konteksti daraldan və digər xalqların itkilərini kölgədə qoyan yanaşma kimi dəyərləndiriblər.
Jurnalın üz qabığı Rusiya-Ukrayna müharibəsi fonunda daha həssas qarşılanıb. Çünki Almaniyada İkinci Dünya müharibəsi yaddaşı, Rusiyaya münasibət və Ukraynaya dəstək məsələləri son illər siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.
Bu baxımdan “Der Spiegel”in üz qabığı təkcə jurnalist başlığı kimi yox, həm də Almaniyanın tarixi yaddaşı və bugünkü geosiyasi mübahisələr kontekstində simvolik məsələ kimi qəbul edilib.
Hazırda müzakirənin əsas məqamı başlığın nasist Almaniyasının SSRİ-yə qarşı apardığı müharibəni düzgün ifadə edib-etməməsidir. Tənqidçilər hesab edirlər ki, belə mövzularda “Rusiya” və “Sovet İttifaqı” anlayışlarının qarışdırılması tarixi dəqiqliyə zərər verə bilər.