Braziliya futbolunun əfsanəsi Ronaldinyo 46 yaşında yenidən futbol gündəminə qayıdır.
MSNews.az xəbər verir ki, “ANSA” İtaliyanın Serie C təmsilçisi “Ravenna”nın vitse-prezidenti Ariedo Braidanın açıqlamasına istinadən yazır ki, Ronaldinyo klubun yeni layihəsinə qoşulacaq.
Braida braziliyalı əfsanəni “yaşı olmayan çempion” adlandırıb və onun “Ravenna” üçün böyük transfer effekti yaradacağını bildirib. Klubun 46 yaşlı Ronaldinyonu yaxın günlərdə xüsusi tədbirlə təqdim etməsi gözlənilir.
İtaliya mediasının məlumatına görə, təqdimat mərasimi iyunun 23-də Mayamidə keçiriləcək. Ronaldinyonun “Ravenna” layihəsində yalnız simvolik ad kimi deyil, həm də investor və tanıtım fiquru kimi yer alacağı bildirilir.
“Diretta” yazır ki, Ronaldinyonun rəsmi Serie C mövsümündə müntəzəm oynaması gözlənilmir. Mənbəyə görə, onun iştirakı daha çox xüsusi “event-matç” və marketinq layihəsi ilə məhdudlaşacaq.
Daha əvvəl “La Gazzetta dello Sport” Ronaldinyonun “Ravenna” ilə razılığa gəldiyini və “yeni rənglər, eyni təbəssüm” sözləri ilə layihəyə qoşulmaqdan məmnun olduğunu yazmışdı.
“Ravenna” ötən mövsüm Serie C-də yüksəlişə yaxın olub və yeni rəhbərlik klubun tanınmasını artırmaq üçün iddialı layihə qurmağa çalışır. Ronaldinyonun adı isə bu planın ən diqqətçəkən hissəsi kimi təqdim olunur.
Qeyd edək ki, Ronaldinyo futbolçu karyerasında “Barselona”, “Milan”, PSJ və Braziliya millisində çıxış edib. O, 2002-ci ildə dünya çempionu olub, 2005-ci ildə isə “Qızıl top” mükafatını qazanıb.
Beləliklə, Ronaldinyonun “Ravenna”ya qoşulması futbolçu kimi tam peşəkar qayıdışdan çox, klubun beynəlxalq imicini gücləndirməyə yönəlmiş xüsusi layihə kimi qiymətləndirilir.