DÇ-2026-nın ilk turu başa çatdıqdan sonra turnirin açılış mərhələsi üzrə ən yaxşı 11-liyini açıqlanıb.
MSNews.az xəbər verir ki, “Opta Analyst” Matchday 1-in yekunlarına əsasən ən çox fərqlənən futbolçulardan ibarət rəmzi komanda hazırlayıb.
Siyahıda qapıçı mövqeyində Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinha yer alıb. O, İspaniya ilə 0:0 hesablı oyunda komandasının sensasion nəticə qazanmasında əsas rollardan birini oynayıb.
Müdafiə xəttinə Panamadan Amir Murillo, Kabo-Verdedən Pico Lopes, Avstraliyadan Harry Souttar və ABŞ millisindən Antonee Robinson daxil edilib. Opta bu futbolçuların ilk turda həm müdafiə, həm də top irəli daşıma baxımından seçildiyini qeyd edib.
Yarımmüdafiədə Mərakeşin gənc futbolçusu Ayyoub Bouaddi və ABŞ millisinin üzvü Weston McKennie yer alıb. Bouaddi Braziliyaya qarşı 1:1 hesablı oyunda topa nəzarəti və ötürmə dəqiqliyi ilə fərqlənib, McKennie isə ABŞ-ın Paraqvay üzərində 4:1 hesablı qələbəsində aktiv oyunu ilə diqqət çəkib.
Hücum xəttində isə Lionel Messi, Yan Diomande, Erling Haaland və Kylian Mbappe yer alıblar. Messi Əlcəzairə qarşı het-trik edərək Argentina millisinin 3:0 hesablı qələbəsində əsas fiqur olub. “Opta Analyst” argentinalı ulduzun bu performansla kişilər arasında Dünya Kuboku tarixində het-trik edən ən yaşlı futbolçu olduğunu yazıb.
Norveç millisinin hücumçusu Erling Haaland da mundial debütündə İraqa qarşı dubl edib. Fransa millisinin kapitanı Kylian Mbappe isə Seneqalla oyunda iki qol vuraraq komandasının 3:1 hesablı qələbəsində mühüm rol oynayıb.
Rəmzi komanda belədir: Vozinha; Amir Murillo, Pico Lopes, Harry Souttar, Antonee Robinson; Ayyoub Bouaddi, Weston McKennie; Lionel Messi, Yan Diomande; Erling Haaland, Kylian Mbappe.
Qeyd edək ki, bu seçim FIFA-nın rəsmi rəmzi komandası deyil. Siyahı “Opta Analyst” tərəfindən statistik göstəricilər və oyun təsiri əsasında hazırlanıb.