İlham Əliyev İİB toplantısının açılışında iştirak edib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib və çıxış edib.

44

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, “Prezident.az”-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə əvvəlcə birgə foto çəkdirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra “Qurani-Kərim”dən ayə oxunub. Ardınca İslam İnkişaf Bankı — IsDB haqqında videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək Azərbaycanın toplantıya ev sahibliyi etməsinin ölkə ilə İslam İnkişaf Bankı Qrupu arasında möhkəm əlaqələrin göstəricisi olduğunu bildirib. Dövlət başçısı Bankın Azərbaycanda aparılan islahatlara dəstəyini yüksək qiymətləndirib və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə təşəkkürünü ifadə edib.

Tədbirdə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da çıxış ediblər.

Mərasim çərçivəsində “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə Kredit Sazişi, Qrant Sazişi, həmçinin Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları 16-19 iyun tarixlərində Bakıda keçirilir.