Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılacaq.
MSNews.az xəbər verir ki, “Oxu.Az”ın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən yaydığı məlumata görə, yeni ödənişlər 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Ödənişlər hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıqlar vasitəsilə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə hallarında tətbiq ediləcək.
Suyun götürülməsinə görə məbləğlər su obyektindən və istifadə məqsədindən asılı olaraq fərqli müəyyənləşdirilib.
Sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0,4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş nəzərdə tutulub.
Tullantı sularının axıdılmasına görə də ayrıca ödənişlər müəyyən edilib. Belə ki, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniləcək.
Ödənişlərlə bağlı məbləğlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli qərarı ilə təsdiqlənmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” sənədində əksini tapıb.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən şəxslər əvvəlcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət etməlidirlər. İstifadə növündən və müraciət edən şəxsin statusundan asılı olaraq tələb olunan sənədlər təqdim edilməli, icazə alındıqdan sonra müqavilə bağlanmalıdır.
İcazənin verilməsi proseduru isə Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə tənzimlənir.
Qeyd edək ki, ümumi istifadədə olan su obyektlərindən fiziki şəxslərin şəxsi ehtiyacları üçün — məsələn, çimərlik, qayıqla gəzinti, həvəskar balıq ovu, mal-qaranın suvarılması və texniki qurğulardan istifadə etmədən su götürülməsi kimi hallarda ödəniş tutulmur.
Agentlik su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri sudan səmərəli istifadə etməyə, istifadə olunan suların uçotunu aparmağa və su qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.