Lavrov Zelenskini “publika üçün oynamaq”da ittiham etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini “meqafon diplomatiyası” aparmaqda və publika qarşısında çıxış etməyə öyrəşməkdə ittiham edib.

23

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenski barədə istehzalı açıqlama verib.

MSNews.az xəbər verir ki, Lavrov bu fikirləri Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.

Vedomosti” yazır ki, Lavrov Zelenskinin normal diplomatiya aparmadığını, əvəzində “publika üçün oynadığını” bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Zelenski heç kimə aydın siqnal göndərmir və daha çox “meqafon diplomatiyası” ilə məşğuldur. Lavrov bunu Ukrayna liderinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı son açıq mesajla əlaqələndirib.

Rambler”in TASS-a istinadən yaydığı məlumata görə, Lavrov Zelenski barədə danışarkən onun keçmiş aktyorluq və komediya karyerasına da işarə edib. O, Zelenskinin “publika qarşısında oynamağa öyrəşdiyini”, daha sonra isə “həm də pianoda oynamağa” ifadəsini işlədib.

Bu açıqlama Lavrovun Zelenskinin diplomatik üslubunu tənqid etdiyi növbəti bəyanat kimi qiymətləndirilir. Rusiya tərəfi son həftələrdə Kiyevin danışıqlarla bağlı açıq çağırışlarını “diplomatik kanallardan kənar” və “publika üçün verilən mesajlar” kimi təqdim edir.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da Lavrovun Hakan Fidanla görüşdən sonra Ukrayna mövzusu, danışıqlar və regional təhlükəsizlik məsələləri ilə bağlı sualları cavablandırdığı qeyd olunur.

Reuters”in məlumatına görə, Fidan həmin görüşdə Rusiyanı Qara dənizdə Türkiyənin təhlükəsizliyinə və maraqlarına zərər verə biləcək addımlardan çəkinməyə çağırıb. Ankara həmçinin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Lavrovun Zelenski barədə sözləri Moskva və Kiyev arasında diplomatik gərginliyin davam etdiyi bir vaxtda səslənib. Ukrayna tərəfi isə müharibənin dayandırılması üçün Rusiyaya təzyiqin artırılmasını və liderlər səviyyəsində danışıqların keçirilməsini istəyir.