Birləşmiş Ərəb Əmirliklərinin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin İranla müharibənin əvvəlində İsrailə gizli səfər etdiyi bildirilir.
MSNews.az xəbər verir ki, bu barədə İsrailin ictimai yayımçısı “Kan News” məlumat yayıb.
Məlumata görə, Körfəz ölkəsindən olan yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti mart ayında, İranla müharibənin əvvəlində İsrailə gedib və İsrail təhlükəsizlik sistemi rəsmiləri ilə görüşüb.
“Kan News” yazır ki, bu, müharibə dövründə BƏƏ rəsmilərinin İsrailə fiziki səfəri barədə məlum olan ilk haldır. Görüşlərdə iki ölkə arasında təhlükəsizlik koordinasiyası müzakirə olunub.
Nəşrin məlumatına görə, səfərdə iştirak edən BƏƏ rəsmilərinin kimliyi açıqlanmır. Lakin nümayəndə heyətini İsrailə gətirən təyyarənin BƏƏ kral ailəsinin çox yüksək vəzifəli üzvləri tərəfindən istifadə olunan “Boeing 737 VIP” tipli təyyarə olduğu bildirilir.
“Axios” daha əvvəl yazmışdı ki, İranla müharibə zamanı İsrail BƏƏ-yə “Iron Dome” hava hücumundan müdafiə sistemi və onu idarə edən heyət göndərib. Nəşrin məlumatına görə, bu addım İsrail və BƏƏ arasında hərbi, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının yeni səviyyəyə çatdığını göstərib.
Bununla yanaşı, BƏƏ tərəfi İsraillə bağlı bəzi gizli səfər iddialarını daha əvvəl təkzib edib. “AP” yazır ki, İsrail Baş naziri Benyamin Netanyahunun İran müharibəsi zamanı BƏƏ-yə gizli səfər etdiyi barədə İsrail tərəfinin açıqlamasından sonra Abu-Dabi bu məlumatı rədd etmişdi. BƏƏ həmçinin İsrail hərbi nümayəndə heyətini qəbul etməsi barədə iddiaları da təkzib etmişdi.
İsrail və BƏƏ 2020-ci ildə “Abraham razılaşmaları” çərçivəsində münasibətləri normallaşdırıb. Lakin İranla müharibə fonunda iki ölkə arasında təhlükəsizlik və kəşfiyyat əməkdaşlığına dair məlumatlar daha həssas siyasi mövzuya çevrilib.
“Kan News”un son məlumatı rəsmi şəkildə təsdiqlənməsə də, İsrail mediası bunu İran təhlükəsi fonunda İsrail-BƏƏ təhlükəsizlik koordinasiyasının dərinləşməsi kimi qiymətləndirir.