Türkiyə vətəndaşı Suriya ordusunda diviziya komandanı təyin edilib

Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçinin Suriya ordusunun 62-ci diviziyasına komandan təyin edildiyi bildirilir. O, bu postda “Əbu Əmşə” ləqəbli Məhəmməd əl-Casimi əvəzləyir.

57

Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçinin Suriya ordusunun Həma bölgəsində yerləşən 62-ci diviziyasının yeni komandanı təyin edildiyi bildirilir.

MSNews.az xəbər verir ki, Türkiyənin “Yeni Yaşam” nəşri avqustun 6-da Çiftçinin 62-ci diviziyanın rəhbərliyinə gətirildiyini yazıb. Livanın “An-Nahar” qəzeti də əvvəlki komandan Məhəmməd Hüseyn əl-Casimin – “Əbu Əmşə”nin yerinə “Muxtar Türki” kimi tanınan Çiftçinin adının hallandığını bildirib. Bununla belə, Suriya Müdafiə Nazirliyi yeni diviziya komandirinin adını hələ açıq şəkildə rəsmən elan etməyib.

Əbu Əmşənin 62-ci diviziyadan uzaqlaşdırılması isə bir neçə mənbə ilə təsdiqlənir. “Əl-Ərəbi əl-Cədid” hərbi mənbələrə istinadən onun Mərkəzi Bölgə Korpusunun komandan müavini vəzifəsinə keçirildiyini yazır. Nəşrin məlumatına görə, dəyişikliklər orduda keçmiş silahlı qruplara və ayrı-ayrı komandirlərə bağlı təsir mərkəzlərini zəiflətməyə yönəlmiş daha geniş yenidənqurmanın tərkib hissəsidir.

62-ci diviziya əsasən Həma əyalətində yerləşir və şəxsi heyətinin mühüm hissəsi əvvəllər Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun Sultan Süleyman Şah birləşməsində xidmət etmiş döyüşçülərdən formalaşıb. “Əl-Mudun” yazır ki, Əbu Əmşənin yeni vəzifəyə keçirilməsi onu birbaşa tabeliyində olan qüvvələrdən ayıraraq mərkəzi komandanlığın nəzarətini gücləndirir.

Çiftçi isə “Muxtar Türki” adı ilə tanınır və əvvəllər “Heyət Təhrir əş-Şam”ın yüksək səviyyəli hərbi komandirlərindən olub. “Enab Baladi” onun Türkiyə vətəndaşı olduğunu, 2024-cü ilin dekabrında yeni Suriya hərbi rəhbərliyi tərəfindən briqada generalı rütbəsinə yüksəldildiyini və daha sonra Dəməşq ətrafındakı 70-ci diviziyanın komandanı kimi fəaliyyət göstərdiyini bildirib.

Əbu Əmşə isə əvvəlki fəaliyyətinə görə ABŞ sanksiyaları altındadır. ABŞ Maliyyə Nazirliyi 2023-cü ildə onun rəhbərlik etdiyi Sultan Süleyman Şah birləşməsini Afrində kürd sakinlərin məcburi köçürülməsi, əmlaklarının müsadirəsi, adam oğurluğu və digər ciddi insan hüquqları pozuntularında ittiham edərək Əbu Əmşəni də sanksiya siyahısına daxil edib.

Son kadr dəyişiklikləri Əhməd əl-Şaraa administrasiyasının müxtəlif keçmiş müxalif silahlı birləşmələri vahid komandanlıq altında toplamaq və ordudakı fraksiya əsaslı idarəetməni tədricən aradan qaldırmaq istiqamətində apardığı yenidənqurma prosesinin bir hissəsi kimi qiymətləndirilir. Lakin Çiftçinin məhz 62-ci diviziyaya təyinatı barədə Müdafiə Nazirliyinin açıq rəsmi açıqlaması olmadığından bu detal hazırda media mənbələrinin məlumatı kimi təqdim edilir.