Zelenski: “Belə anlarda tez-tez ağlayıram”

Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammiti fonunda verdiyi müsahibədə müharibə itkilərindən, həlak olanların ailələrinə orden təqdim edərkən yaşadığı ağır emosiyalardan danışıb.

24

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə zamanı yaşadığı ən ağır emosional anlardan danışıb.

MSNews.az xəbər verir ki, Zelenski Fransada keçirilən G7 sammiti fonunda “Reuters NEXT Europe” tədbirinə video bağlantı ilə qatılaraq Ukraynadakı müharibə, itkilər və şəxsi hissləri barədə sualları cavablandırıb.

TSN” yazır ki, jurnalistlərdən biri Zelenskiyə “Sonuncu dəfə nə vaxt ağlamısınız?” sualını verib.

Ukrayna lideri cavabında özünü “adi insan” adlandırıb və demək olar ki, hər gün ölkədə çox ağır hadisələrin baş verdiyini bildirib. O qeyd edib ki, həm döyüş meydanında, həm də mülki əhali arasında çoxlu itkilər olur.

Zelenskinin sözlərinə görə, Ukrayna xalqına qarşı “tamamilə ağlasığmaz hücumlar” həyata keçirilir və bu hadisələr insan olaraq ona ağır təsir edir.

Prezident bildirib ki, ən ağır anlardan biri hərbi qərarlar və əmrlər verdiyi məqamlardır. Onun sözlərinə görə, xüsusilə övladlarını itirmiş ana və atalara dövlət ordenləri təqdim etmək onun üçün çox çətindir.

Zelenski bu cür məqamlarda emosiyalarını gizlətmədiyini deyib: “Belə anlarda, həqiqətən, tez-tez ağlayıram”.

Reuters”in məlumatına görə, Zelenski həmin müsahibədə G7 liderlərinin Rusiyanın müharibədə qalib gəlmədiyi qənaətində olduğunu bildirib və Moskvanı danışıqlara məcbur etmək üçün əlavə sanksiyaların müzakirə edildiyini qeyd edib.

The Guardian” da yazır ki, Zelenski G7 çərçivəsində Ukraynaya hava hücumundan müdafiə, qış paketi və Rusiyaya təzyiqin artırılması məsələlərinin prioritet olduğunu vurğulayıb.

Ukrayna liderinin emosional açıqlaması müharibənin təkcə siyasi və hərbi deyil, həm də dərin insani tərəfini yenidən gündəmə gətirib.