DÇ-2026 oyunlarında stadionlardakı qida və içki qiymətləri azarkeşlər arasında narazılıq doğurub.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə və xarici mediada yayılan məlumatlara görə, bəzi stadionlarda qida və içkilərin qiyməti kifayət qədər yüksəkdir. Xüsusilə, ABŞ-da keçirilən oyunlarda pivə, su və qəlyanaltıların qiyməti azarkeşlərin tənqidinə səbəb olub.
“BroBible”ın məlumatına görə, Sietldəki stadionda 16 unsiyalıq adi pivə 17,99 dollara, import və kraft pivə isə 18,99 dollara satılır. Eyni mənbə stadionda qoz-fındıq tipli qəlyanaltının 8,99 dollar, pretzelin isə 13,49 dollar olduğunu yazır.
Sosial şəbəkələrdə yayılan bəzi menyu görüntülərində 1 litrlik suyun 10,49 dollar olduğu göstərilsə də, bu qiymətin bütün stadionlara aid olduğu rəsmi şəkildə təsdiqlənməyib. “The Sun” isə Sietldə 20 unsiyalıq “Dasani” suyunun 5,99 dollara satıldığını bildirib.
Qiymətlərlə bağlı müzakirələr FIFA-nın stadionlara giriş qaydaları fonunda daha da artıb. “FIFA Hospitality” portalında qeyd olunur ki, ABŞ və Kanadadakı oyunlarda azarkeşlər stadiona yalnız bir ədəd 20 unsiyaya qədər, zavod qablaşdırması açılmamış yumşaq plastik su şüşəsi gətirə bilərlər. Sərt və təkrar istifadə olunan su qablarına isə təhlükəsizlik səbəbi ilə icazə verilmir.
Bununla belə, qiymətlər stadiondan-stadiona fərqlənir. Xarici media yazır ki, bəzi arenalarda daha ucuz menyu siyasəti tətbiq olunur. Buna görə də yayılan qiymətlər ümumi turnir standartı kimi yox, konkret stadion və fan-zona nümunələri kimi qiymətləndirilməlidir.