ABŞ və İran arasında hərbi gərginliyin artdığı bir vaxtda İranla əlaqələndirilən “Handala” haker qrupunun yeni təhdid bəyanatı yayılıb.
MSNews.az-ın “Fars News” agentliyinə istinadən məlumatına görə, “Handala” ABŞ hərbçiləri və regiondakı Amerika obyektləri barədə məlumatlara sahib olduğunu iddia edib. Qrup bu məlumatların İslam İnqilabı Keşikçiləri Korpusunun — SEPAH-ın raket və PUA bölmələrinə ötürüldüyünü bildirib.
İran mediasında yayılan bəyanatda haker qrupu ABŞ-a qarşı sərt təhdidlər səsləndirib və Vaşinqtonun İrana qarşı növbəti addımlar atacağı təqdirdə Amerika hərbçilərinin regiondakı obyektlərdə hədəfə çevrilə biləcəyini iddia edib. Qrup həmçinin “Baza 422” adlı obyektə işarə edərək, Yaxın Şərqdə daha əvvəl ictimaiyyətə məlum olmayan Amerika hərbi infrastrukturuna dair məlumatlara malik olduğunu irəli sürüb.
Bununla belə, “Hanzala”nın açıqlamasında yer alan iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ tərəfi də qrupun amerikalı hərbçilərin koordinatlarını və ya məxfi obyektlərin məlumatlarını ələ keçirməsi barədə rəsmi təsdiq verməyib.
“Handala” və ya beynəlxalq kiber təhlükəsizlik mənbələrində daha çox “Handala Hack” kimi tanınan qrup son aylarda ABŞ hərbçilərinə qarşı təhdid mesajları ilə gündəmə gəlib. “Stars and Stripes” yazır ki, apreldə Yaxın Şərqdə xidmət edən bəzi ABŞ hərbçiləri “Handala” imzası ilə “WhatsApp” üzərindən təhdid mesajları alıblar. Mesajlarda onların izlənildiyi və PUA-lar, eləcə də raketlərlə hədəfə alına biləcəyi iddia olunurdu.
Kiber təhlükəsizlik platforması “SOCRadar” isə həmin kampaniyanıbir şəxsin şəxsi məlumatlarının onun icazəsi olmadan internetdə yayılması (“doxxing”) və psixoloji təzyiq əməliyyatı kimi qiymətləndirib. Platformanın məlumatına görə, qrup ABŞ hərbçilərinin şəxsi məlumatlarını yaydığını iddia etmiş və bunu İran ətrafında hərbi gərginliyin artdığı dövrdə informasiya-psixoloji təsir vasitəsinə çevirməyə çalışmışdı.
ABŞ Ədliyyə Nazirliyi daha əvvəl “Handala Hack” ilə əlaqələndirilən bir neçə domenin ələ keçirildiyini açıqlayıb. “Reuters” yazır ki, ABŞ rəsmiləri bu qrupun İran Kəşfiyyat Nazirliyi ilə bağlı psixoloji əməliyyatlarda istifadə olunan haker personası olduğunu bildiriblər.