Kuba üçün yanacaq daşıyan Rusiya tankeri marşrutunu dəyişdi

Kuba üçün dizel daşıdığı bildirilən Rusiyanın “Universal” tankeri Karib hövzəsindən uzaqlaşaraq Cənubi Amerika istiqamətinə dönüb. Hadisə adada ağır yanacaq böhranı fonunda baş verib.

28

Kuba üçün dizel yanacağı daşıdığı bildirilən Rusiyaya məxsus “Universal” tankeri Karib hövzəsinə doğru hərəkətini dayandıraraq marşrutunu dəyişib. Gəminin hazırda Cənubi Amerika istiqamətində hərəkət etdiyi bildirilir.

Reuters”in LSEG gəmi izləmə məlumatlarına istinadən yaydığı xəbərə görə, “Universal” adlı tanker əvvəlcə Kuba istiqamətində hərəkət edirdi, lakin sonradan Karib hövzəsindən uzaqlaşaraq kursunu dəyişib. Agentlik gəmidə təxminən 300 min barel yanacaq olduğunu yazır.

The Moscow Times” isə “The Insider”ə istinadən bildirir ki, tanker təxminən 270 min barrel dizel yanacağı daşıyırdı. Məlumata görə, gəmi apreldə Rusiyanın Vistino limanından Kuba istiqamətində yola çıxıb, lakin son bir ayı Sarqas dənizində, Kuba sahillərindən təxminən 1600 kilometr aralıda hərəkətsiz keçirib. Daha sonra tanker cənuba, Braziliya istiqamətinə dönüb.

“The Insider”in məlumatına əsasən, gəminin təyinat məntəqəsi hazırda “for order” kimi göstərilir. Bu termin dəniz daşımalarında son istiqamətin hələ müəyyən edilmədiyini və ya gəminin əlavə göstəriş gözlədiyini bildirir. Nəşr bu vəziyyətin ABŞ tərəfinin tankerin Kubaya daxil olmasına icazə verməməsi ehtimalını gücləndirdiyini yazır.

Hadisə Kubada ağır yanacaq böhranının davam etdiyi vaxta təsadüf edir. “Reuters” daha əvvəl Kubanın energetika və mədən naziri Visente de la O Leviyə istinadən ölkədə dizel və mazut ehtiyatlarının tamamilə tükəndiyini yazmışdı. Nazir ölkənin “heç bir ehtiyatının qalmadığını” bildirmişdi.

Yanacaq çatışmazlığı elektrik enerjisi təchizatına da ciddi təsir göstərib. Kubanın bir sıra bölgələrində, o cümlədən Havanada elektrik kəsintilərinin gündə 20-22 saata çatdığı bildirilir. “The Guardian” yazır ki, uzunmüddətli işıq kəsintiləri fonunda paytaxtda etirazlar da qeydə alınıb.

Bundan başqa, “Reuters”in məlumatına görə, Kubada benzinin və dizelin rəsmi qiymətləri artırılsa da, Havanadakı bir çox yanacaqdoldurma məntəqəsi hələ də bağlı qalır. Qara bazarda isə yanacaq qiymətləri kəskin bahalaşıb.

“Universal”ın Kubaya çatmaması ada ölkəsi üçün növbəti ciddi zərbə hesab olunur. Çünki Kuba son aylarda yanacaq idxalında ciddi məhdudiyyətlərlə üzləşib və Rusiya tankerləri ölkənin enerji sisteminə qısa müddətli dəstək verə biləcək əsas mənbələrdən biri kimi qiymətləndirilirdi.