Rusiyada noutbuk və kompüterlərin paralel idxalına məhdudiyyət başladı

Rusiyada mayın 27-dən "Acer", "Asus", HP, "Intel", "Samsung", "Toshiba", IBM, ADATA və digər brendlərin bir sıra kompüter və yaddaş məhsullarının paralel idxalına məhdudiyyət qüvvəyə minib.

Rusiyada mayın 27-dən etibarən bir sıra tanınmış xarici brendlərin kompüter texnikası və yaddaş qurğularının paralel idxal yolu ilə ölkəyə gətirilməsinə məhdudiyyət qüvvəyə minib. Söhbət həmin məhsulların hüquq sahibinin icazəsi olmadan Rusiyaya idxalına imkan verən xüsusi siyahıdan çıxarılmasından gedir.

“Forbes Russia” yazır ki, dəyişikliklərə əsasən “Samsung”, “Asus”, “Acer”, “Hewlett Packard”, “Intel”, IBM, “Toshiba” və digər istehsalçıların bəzi kompüter və texnika məhsullarını paralel idxal mexanizmi ilə gətirmək mümkün olmayacaq.

Məhdudiyyətlər Rusiya Sənaye və Ticarət Nazirliyinin 26 sentyabr 2025-ci il tarixli 4769 nömrəli əmri əsasında tətbiq olunur. Interfax”ın məlumatına görə, sənəd 27 may 2026-cı ildə qüvvəyə minir və “Acer”, “Asus”, “Fujitsu”, “HP”, “Hitachi”, IBM, “Intel”, “Kingston”, “Samsung”, “Toshiba” və bir sıra digər brendlərin kompüterləri, komponentləri, serverləri və yaddaş qurğularını paralel idxal siyahısından çıxarır.

Dəyişikliklər əsasən TN VED EAEU 8471 49 000 08471 70 kodları üzrə kompüter texnikası və yaddaş qurğularına aiddir. Bu kateqoriyalara fərdi kompüterlər, noutbuklar, server avadanlıqları, prosessorlar, anakartlar, SSD/HDD kimi yaddaş qurğuları və digər oxşar məhsullar daxil ola bilər. Siyahıda “Acer”, “Adata”, AIC, “Apacer”, “Asus”, “Cisco”, “Fujitsu”, HP, HPE, “Hynix”, IBM, “Inspur”, “Intel”, “Kingston”, “Samsung”, “Sandisk”, “Toshiba”, “Transcend” və “xFusion” kimi brendlərin adı çəkilir.

Rusiya Sənaye və Ticarət Nazirliyi isə bu addımın daxili bazarda çatışmazlıq yaratmayacağını bildirir. Nazirliyin mövqeyinə görə, paralel idxal siyahısından çıxarılan kompüterlər, noutbuklar, yaddaş qurğuları, serverlər və məlumat saxlama sistemləri artıq Rusiya istehsalçıları tərəfindən “kifayət qədər həcmdə” əvəz olunur. Buna görə qurum qərarın ölkə daxilində məhsul çeşidinə ciddi təsir etməyəcəyini iddia edir.

Bununla belə, bazar iştirakçıları və hüquqşünaslar yeni qaydaların idxalçılar üçün riskləri artıracağını bildirirlər. Həmin brendlərin məhsulları hüquq sahibinin icazəsi olmadan gətirilərsə, hüquq sahibləri malların idxalının dayandırılmasını, satışdan çıxarılmasını, hətta müsadirə və məhv edilməsini tələb edə bilərlər.

Ekspertlər bu məhdudiyyətlərin bazarda qiymət artımı və bəzi modellərin əlçatanlığında problemlər yarada biləcəyini istisna etmirlər. Məhdudiyyətlər xüsusilə adi istifadəçilərdən tutmuş korporativ müştərilərə və rabitə operatorlarına qədər geniş alıcı qrupuna təsir göstərə bilər.