Çində 82 nəfərin öldüyü şaxtada gizli tunellər aşkarlandı

Çinin Şansi əyalətində 82 nəfərin öldüyü Lyuşenyu şaxta faciəsi ilə bağlı ilkin araşdırmada gizli tunellər, saxta qapılar, qeydiyyatsız işçilər və təhlükəsizlik pozuntuları aşkar edilib.

Çinin Şansi əyalətində yerləşən Lyuşenyu kömür şaxtasında baş vermiş partlayışla bağlı ilkin araşdırma ciddi qanun pozuntularını üzə çıxarıb.

“Reuters” xəbər verir ki, qaz partlayışı nəticəsində azı 82 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır, daha 128 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə Çində 2009-cu ildən bəri ən ölümcül şaxta faciəsi kimi qiymətləndirilir.

Araşdırma zamanı şaxtada rəsmi sənədlərdə göstərilməyən gizli tunellər, saxta qapılar, uyğunsuz planlar və qeydiyyatsız işçilər aşkar edilib. Çin dövlət mediasına istinad edən “Reuters”-in məlumatına görə, şaxta operatoru real hasilat sahələrini nəzarət orqanlarından gizlətmək üçün iki fərqli sxem saxlayıb: biri yoxlamalar üçün, digəri isə faktiki iş prosesini əks etdirən gizli plan kimi istifadə olunub. Bu cür sxemlər Çində qeyri-rəsmi olaraq “yin-yang cizgiləri” adlandırılır.

Məlumata görə, bəzi tunellər yoxlama zamanı görünməsin deyə tel tor, hörülmüş plastik kisələr və məhlulla hazırlanmış saxta qapılarla örtülüb. Yoxlama gələndə işçilərə əvvəlcədən xəbər verilirmiş, qapılar bağlanır və kömür tozu ilə örtülərək şaxta divarına bənzədilirmiş. Gizli tunellərdən çıxarılan kömür isə rəsmi istehsal göstəricilərinə daxil edilməyib və vergidən yayındırılıb.

Faciə zamanı rəsmi qeydiyyatda yeraltına 124 işçinin endiyi göstərilsə də, əslində şaxtada 247 nəfər olub. Bu isə 123 nəfərin rəsmi nəzarətdən kənarda çalışdığını göstərir. Dövlət mediası yazır ki, həmin işçilərin bir hissəsi podratçılar vasitəsilə qeyri-rəsmi şəkildə cəlb edilib və onlara fövqəladə hallar zamanı yerini müəyyən etməyə imkan verən identifikasiya və lokasiya izləyiciləri verilməyib. Bu amil xilasetmə işlərini ciddi şəkildə çətinləşdirib.

Şaxta yüksək qaz riski olan obyekt kimi təsnif edilsə də, operatorun nəzarətdən yayınmaq üçün bəzi sahələrdə qaz monitorinq avadanlığını qəsdən quraşdırmadığı bildirilir.

Çin dövlət mediasının məlumatına görə, bu problemlər tamamilə yeni olmayıb. 2025-ci ildə tənzimləyici orqanlar şaxtada gizli iş sahələri aşkar etdikdən sonra operator cərimələnib, lakin bu cəza qanunsuz hasilatı dayandırmaq üçün kifayət etməyib. Hadisədən sonra şirkət rəsmilərinin saxlanıldığı, bəzi şaxtalarda isə təhlükəsizlik yoxlamaları üçün hasilatın dayandırıldığı və ya azaldıldığı bildirilir.

Qeyd edək ki, Lyuşenyu partlayışı Çində son 15 ildən artıq dövrdə ən ağır mədən qəzası hesab olunur. Bundan əvvəl 2009-cu ildə Heyluntszyan əyalətindəki Sinsin şaxtasında qaz partlayışı nəticəsində 108 nəfər həlak olmuşdu. 

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.