ABŞ və İran arasında müharibənin dayandırılması və Hörmüz boğazı ətrafındakı gərginliyin azaldılması ilə bağlı razılaşmanın bu gün imzalanması gözlənilmir. Bu barədə “Axios” Tramp administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. Ağ Ev rəsmisinin sözlərinə görə, sazişin yekunlaşması üçün hələ bir neçə detal razılaşdırılmalıdır və İran rəhbərliyinin təsdiq prosesi bir neçə gün çəkə bilər.
Rəsmi bildirib ki, tərəflər sənəddəki konkret ifadələr üzərində danışıqları davam etdirirlər. Onun sözlərinə görə, “bəzi sözlər ABŞ tərəfi üçün, bəzi sözlər isə İran tərəfi üçün vacibdir”. Ağ Ev rəsmisi həmçinin İranın qərarvermə sistemini “ləng və qeyri-şəffaf” adlandıraraq, bu amilin razılaşmanın imzalanmasını gecikdirə biləcəyini qeyd edib.
“Axios”-un məlumatına görə, ABŞ tərəfi İranın ali rəhbəri Möctəba Xameneyinin sazişin ümumi strukturunu dəstəklədiyinə inanır. Bununla belə, Vaşinqtonda razılaşmanın yekunda tam hüquqi sənədə çevrilib-çevrilməyəcəyi ilə bağlı qeyri-müəyyənliyin qaldığı vurğulanır. ABŞ rəsmisi danışıqların müsbət mərhələdə olduğunu bildirsə də, sazişin hələ də pozula biləcəyini istisna etməyib.
Müzakirə olunan layihəyə əsasən, razılaşma Hörmüz boğazının yenidən açılmasını, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın yumşaldılmasını və Tehranın neft satışına imkan verəcək bəzi sanksiya istisnalarını nəzərdə tutur. İran bu müddətdə boğazda yerləşdirdiyi minaları təmizləməli və gəmilərin sərbəst hərəkətinə şərait yaratmalıdır.
Sənəd layihəsində İranın nüvə proqramı ilə bağlı da mühüm bəndlər var. Axios yazır ki, Tehran nüvə silahı əldə etməmək, uranın zənginləşdirilməsinin dayandırılması imkanını müzakirə etmək və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının ləğvi məsələsi üzrə danışıqlarda iştirak etmək öhdəliyi götürə bilər. ABŞ tərəfi isə sanksiyaların yumşaldılmasını İranın nüvə materialı və zənginləşdirmə sahəsində verəcəyi yoxlanıla bilən güzəştlərlə əlaqələndirir.
Donald Tramp isə razılaşmanın tələsdirilməməsi barədə göstəriş verdiyini bildirib. Tramp ABŞ blokadasının saziş “əldə edilən, təsdiqlənən və imzalananadək” qüvvədə qalacağını qeyd edib.