İlham Əliyev Can Quoçini qəbul edib

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib. Görüşdə WUF13, “vahid Çin” siyasəti və strateji tərəfdaşlıq müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib. Görüşdə Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf dinamikası, WUF13 çərçivəsində əməkdaşlıq, “vahid Çin” siyasəti, iqtisadi-ticari əlaqələr, nəqliyyat-tranzit və hərbi-texniki tərəfdaşlıq məsələləri müzakirə olunub. 

Can Quoçin əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. O bildirib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir. Dövlət başçısı salamlara görə minnətdarlığını ifadə edib və öz salamlarının Çin liderinə çatdırılmasını xahiş edib. Prezident İlham Əliyev Si Cinpinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına — WUF13-ə də toxunulub. Can Quoçin forumda qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini, tədbirdə iştirakdan şərəf duyduğunu və Çində bu foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib və dövlət başçısının forumun açılış mərasimindəki çıxışını məzmunlu adlandırıb.

Prezident İlham Əliyev Çinin WUF13-də yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib. Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Can Quoçin Si Cinpinin xüsusi nümayəndəsi qismində WUF13 Liderlər Sammitində iştirak etmək üçün mayın 17–18-də Azərbaycanda səfərdə olub.

Söhbət zamanı Azərbaycan ilə Çin arasında münasibətlərin sürətli inkişafı məmnunluqla qeyd olunub. Can Quoçin dövlət başçılarının görüşlərini xatırladaraq, iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Çinin Tayvan regionu ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü ifadə edib və Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladıb və həmin səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkmiş ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir və Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onları pisləyən bəyanatla çıxış edən yeganə dövlətlərdən biri olub.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələr, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, iqtisadi-ticari münasibətlərin genişlənməsi, həmçinin siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları və hərbi-texniki tərəfdaşlıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.