Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti beynəlxalq görüşlərini keçirib.
Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Görüş zamanı Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırıb, Prezident İlham Əliyev isə öz növbəsində salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib. Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Görüşdə iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Həmin gün Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə də görüş keçirib.

Görüş zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki təmasları məmnunluqla xatırlanıb, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Söhbət çərçivəsində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf imkanlarına da toxunulub.