ABŞ-ın Nyu-York şəhərində İsrailin işğalı altında olan İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrində daşınmaz əmlakın təqdimatı etirazlara səbəb olub. Aksiya Bruklinin Midvud bölgəsində, “Young Israel of Midwood” sinaqoqu yaxınlığında keçirilib. Etirazçılar tədbirdə Qərb sahilindəki yaşayış məntəqələrində ev və torpaq sahələrinin amerikalı alıcılara təqdim edilməsinə qarşı çıxıblar.
Xəbəri “New York Post” nəşrinə istinadən təqdim edirik.

Məlumata görə, təqdimat “Great Israeli Real Estate Event” adlı daşınmaz əmlak turu çərçivəsində təşkil olunub. Bu tədbirlər ABŞ və Kanadada xarici alıcılara İsraildə, o cümlədən işğal altındakı Qərb sahilində yerləşən bəzi yaşayış məntəqələrində əmlak almaq imkanı təqdim edir. Əvvəlki analoji tədbirdə Gush Etzion bölgəsindəki yaşayış məntəqələri də təqdimat siyahısında yer alıb.
Etirazçılar bu cür satışların işğal altındakı Fələstin torpaqlarını kommersiya obyektinə çevirdiyini bildiriblər. Aksiya zamanı pro-Fələstin fəalları ilə İsrailyönlü əks-etirazçılar arasında gərginlik yaşanıb, polis bir neçə nəfəri saxlayıb. “The Indypendent”in məlumatına görə, Midvuddakı etirazda tərəflər arasında fiziki qarşıdurmalar olub və polis dörd nəfəri saxlayıb.

Məsələni daha da həssas edən məqam tədbirin sinaqoqda keçirilməsidir. Pro-Fələstin qrupları bunun etirazları “sinaqoqa hücum” kimi təqdim etmək üçün istifadə olunduğunu iddia edirlər. İsrailyönlü media və fəallar isə aksiyanı yəhudi icmasına qarşı təzyiq və antisemit xarakterli nümayiş kimi qiymətləndiriblər.
Beynəlxalq hüquq baxımından İsrailin Qərb sahilindəki yaşayış məntəqələri uzun illərdir mübahisə mövzusudur. BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi İsrailin işğal olunmuş Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin hüquqi qüvvəyə malik olmadığını və beynəlxalq hüququn kobud pozuntusu olduğunu bəyan edib. BMT baş katibinin 2026-cı il hesabatında da İsrailin bütün yaşayış məntəqələri və onlarla bağlı infrastrukturunun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

2024-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi də İsrailin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Qərb sahili və Şərqi Qüdsdə mövcudluğunun qanunsuz olduğu qənaətinə gəlib. Məhkəmə İsrailin məskunlaşma siyasətini, anneksiya elementlərini və təbii resurslardan istifadəsini beynəlxalq hüquqa zidd hesab edib.
Nyu-Yorkdakı hadisə ABŞ daxilində İsrail siyasəti ətrafında dərinləşən fikir ayrılıqlarını da üzə çıxarıb. Bir tərəf bunu yəhudi icmasına qarşı təzyiq kimi təqdim edir, digər tərəf isə etirazın səbəbinin dini məkan yox, işğal altındakı ərazilərdə əmlak satışının təşviqi olduğunu bildirir. Bu mübahisə Qərb sahilindəki İsrail yaşayış məntəqələrinin artıq yalnız Yaxın Şərq siyasətinin yox, ABŞ şəhərlərindəki ictimai və hüquqi müzakirələrin də predmetinə çevrildiyini göstərir.