Dani Karvaxal “Real Madrid”dən ayrılır

“Real Madrid” kapitanı Dani Karvaxalın mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb. İspan müdafiəçi klubla 27 titul qazanıb.

1

“Real Madrid” kapitanı Dani Karvaxalın mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb. Klubun rəsmi bəyanatında bildirilib ki, tərəflər cari mövsümün sonunda futbolçunun “Real Madrid”dəki möhtəşəm mərhələsinə yekun vurmaq barədə razılığa gəliblər. 

Madrid klubu Karvaxalı “klubun və dünya futbolunun ən böyük əfsanələrindən biri” adlandırıb. Bəyanatda qeyd olunur ki, ispaniyalı müdafiəçi 2002-ci ildə “Real Madrid” sisteminə qoşulub və ümumilikdə 23 mövsüm klubun formasını geyinib: bunun 10 ili akademiyada, 13 ili isə əsas komandada keçib.

Karvaxal “Real Madrid”in əsas komandası ilə 27 titul qazanıb. Onun aktivində 6 Çempionlar Liqası, 6 Klublararası Dünya Kuboku, 5 UEFA Superkuboku, 4 La Liqa, 2 İspaniya Kuboku və 4 İspaniya Superkuboku var. Klub həmçinin vurğulayıb ki, Karvaxal futbol tarixində 6 dəfə Avropa kubokunu qazanan beş futbolçudan biridir.

34 yaşlı futbolçu “Real Madrid”in heyətində 450 oyun keçirib və 14 qol vurub. O, 2024-cü ildə FIFPro ilin rəmzi komandasına daxil edilib, FIFA-nın “The Best” rəmzi heyətində yer alıb və həmin il Çempionlar Liqasının finalının ən yaxşı oyunçusu seçilib.

“Real Madrid” prezidenti Florentino Peres Karvaxalı klubun və akademiyanın simvolu adlandırıb. Onun sözlərinə görə, Karvaxal hər zaman “Real Madrid” dəyərlərini təcəssüm etdirib və klub onun üçün daim ev olaraq qalacaq.

Klub Karvaxalla vida mərasiminin bu şənbə günü “Santyaqo Bernabeu”da keçiriləcək La Liqanın son ev oyununda təşkil olunacağını açıqlayıb.