Liviyanın paytaxtı Tripolidə futbol matçından sonra başlayan etirazlar hökumət binasına hücumla nəticələnib. “Əl-İttihad” azarkeşləri hakim qərarına etiraz olaraq küçələrə çıxıblar və Milli Birlik Hökumətinin qərargahının fasadı və həyətində yanğın törədilib. Hadisə ilə bağlı məlumatı “Reuters” şahidlərə və yerli telekanala istinadən yayıb.
MSNews.az xəbəri “Reuters”-ə istinadən verir.
İğtişaşlar Tripolidən təxminən 65 kilometr cənub-şərqdə yerləşən Tarhuna şəhər stadionunda keçirilən “Əl-İttihad” — “Əs-Suveyhli” matçından sonra başlayıb. Qarşılaşmanın 87-ci dəqiqəsində “Əl-İttihad” futbolçuları penalti təyin edilməməsinə etiraz ediblər və oyun dayandırılıb. Bundan sonra azarkeşlər meydana daxil olub, stadion ətrafında qarşıdurmalar yaranıb, mühafizəçilər xəsarət alıblar.
Hadisələr daha sonra Tripoliyə yayılıb. oyunu klub kompleksində izləyən “Əl-İttihad” azarkeşləri hökumət binasına doğru yürüş edərək etirazlarını bildirmək üçün pirotexniki vasitələrdən istifadə ediblər. Nəticədə binanın şüşə fasadında yanğın başlayıb, ərazidən qalın tüstü yüksəlib. Yanğınsöndürənlər alovu nəzarətə götürüb, hökumət qüvvələri isə gecə saatlarında binanın ətrafında yerləşdirilib.
“Euronews” yazır ki, hadisə zamanı Tripolidəki hökumət qüvvələri vəziyyəti nəzarətə almaq üçün 444-cü Döyüş Briqadasını cəlb edib. Briqada üzvlərindən birinin atəş nəticəsində öldüyü iddia edilsə də, bu məlumat rəsmi orqanlar və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Mənbənin məlumatına görə, futbolçular və jurnalistlər arasında da xəsarət alanlar olub, bir neçə nəqliyyat vasitəsi, o cümlədən idman kanalına məxsus yayım avtomobili yandırılıb.
Liviya Prezident Şurası hadisəni “təxribat və yandırma aktları” kimi qiymətləndirib və baş verənlərin araşdırılmasına çağırıb. Qurum narazılıqların zorakılıqla deyil, hüquqi yollarla həll edilməli olduğunu bildirib.
Hadisə Liviyada uzun illərdir davam edən siyasi parçalanma və təhlükəsizlik böhranı fonunda baş verib. Milli Birlik Hökumətinə Baş nazir Əbdülhəmid Dbeyba rəhbərlik edir və bu hökumət 2021-ci ildə BMT-nin vasitəçiliyi ilə formalaşan siyasi proses nəticəsində hakimiyyətə gəlib. Liviya isə 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra davamlı sabitlik əldə edə bilməyib.
Dünya Bankının qiymətləndirməsinə görə, Liviya neftlə zəngin ölkə olsa da, uzunmüddətli siyasi dalan, institusional parçalanma və on ildən artıq davam edən qeyri-sabitlik səbəbindən inkişaf potensialını tam reallaşdıra bilmir. Ölkə iqtisadiyyatı hələ də əsasən karbohidrogenlərdən asılıdır, dövlət institutlarının zəifliyi və korrupsiya isə ictimai narazılığın əsas səbəbləri sırasında qalır.
Bu baxımdan futbol matçından sonra baş verən hadisələr sadəcə idman qalmaqalı kimi deyil, Liviyada illərdir yığılan sosial-siyasi gərginliyin yeni təzahürü kimi qiymətləndirilir. Hakim qərarına etirazla başlayan narazılığın qısa müddətdə hökumət binasına hücuma çevrilməsi ölkədə təhlükəsizlik sisteminin və ictimai etimadın hələ də kövrək olduğunu göstərir.