Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.
Görüşdə Məryəm Nəvaz Şərif atası, Pakistanın keçmiş Baş naziri Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və öz salamlarının Pakistanın Baş nazirinə, eləcə də Məhəmməd Nəvaz Şərifə çatdırılmasını xahiş edib.
Dövlət başçısı görüşdə Ulu Öndər Heydər Əliyev ilə Məhəmməd Nəvaz Şərif arasında mövcud olmuş dostluq münasibətlərini xatırladıb. Məryəm Nəvaz Şərif isə Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini və onun xatirəsini hörmətlə andığını bildirib.
Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak etməkdən məmnunluğunu ifadə edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O qeyd edib ki, Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlər müzakirə olunacaq. Məryəm Nəvaz Şərif Bakının gözəlliyindən təsirləndiyini bildirərək, paytaxtı mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Regionlararası əməkdaşlığın inkişaf etdiyi, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.
Görüşdə Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Pakistanda da mərkəzlərin yaradıldığı qeyd olunub. Prezident İlham Əliyev Azərbaycan-Pakistan münasibətlərinin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında inkişaf etdiyini diqqətə çatdırıb.



