Portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Real Madrid”in Markus Reşfordu transfer etməsində maraqlı olduğu iddia edilir. Məlumata görə, Mourinyo İngiltərəli hücumçu ilə “Mançester Yunayted”də çalışdığı dövrdən yaxşı münasibətlərə malikdir və onu Madrid klubunda görmək istərdi.
Bu barədə “TEAMtalk”a istinadən məlumat veririk.
İddialara əsasən, Mourinyo üçün bu transferin iki əsas səbəbi var: yaxşı tanıdığı keyfiyyətli futbolçunu komandaya cəlb etmək və eyni zamanda “Barselona”nın planlarını pozmaq. Reşford hazırda icarə əsasında Kataloniya klubunda çıxış edir və “Barselona” onunla əməkdaşlığı davam etdirmək istəyir.
Reşford 2025-ci ilin yayında “Mançester Yunayted”dən “Barselona”ya mövsümlük icarə əsasında keçib. Kataloniya klubunun müqavilədə futbolçunu daimi transfer etmək üçün təxminən 30 milyon avroluq seçim hüququ var. Lakin “Barselona”nın bu məbləği dərhal ödəmək əvəzinə, “Mançester Yunayted”lə yeni icarə və ya daha sərfəli transfer modeli üzrə danışıqlara üstünlük verdiyi bildirilir.
İngiltərəli futbolçu özü də “Barselona”da qalmaq istədiyini gizlətməyib. Reşford daha əvvəl gələcəyi ilə bağlı danışarkən komandada qalmağın onun üçün xüsusi olacağını bildirib. Bununla belə, “Mançester Yunayted” futbolçunu birdəfəlik sataraq yay transferləri üçün maliyyə vəsaiti əldə etməyə daha çox maraq göstərir.
Bu fonunda “Real Madrid” variantı transfer intriqasını daha da artırır. Əgər Mourinyonun Madrid klubuna qayıdışı baş tutarsa, Reşfordun adı “El-Klasiko” rəqabətinin yeni transfer mübarizələrindən birinə çevrilə bilər.