“e.l.f. Cosmetics”-in həmtəsisçisi rahib olur

"e.l.f. Cosmetics" brendinin həmtəsisçisi Skott-Vinsent Borba milyonluq sərvətini və lüks həyatını geridə qoyaraq Katolik rahibi olmağa qərar verib. Onun rəsmi təyinatı mayın 23-də Kaliforniyada keçiriləcək.

1

Dünyaca məşhur kosmetika brendi “e.l.f. Cosmetics”-in həmtəsisçilərindən biri olan Skott-Vinsent Borba karyerasını, sərvətini və Hollivuddakı lüks həyat tərzini geridə qoyaraq Katolik rahibi olmağa qərar verib. Borba 2004-cü ildə yaradılan “e.l.f. Cosmetics” brendinin qurucuları arasında yer alıb və şirkət sonradan qlobal kosmetika bazarında tanınmış markalardan birinə çevrilib.

52 yaşlı keçmiş iş adamı əvvəllər modellik, aktyorluq və musiqi ilə də məşğul olub, həmçinin Hollivud çevrələrində tanınıb. O, Paris Hilton və Kardaşian ailəsi kimi məşhur simalarla eyni sosial mühitdə olub və lüks həyat tərzi ilə diqqət çəkib.

Borba daha sonra ciddi mənəvi dönüş yaşadığını bildirib. O, əvvəlki həyatında maddi imkanlara baxmayaraq daxili rahatlıq tapa bilmədiyini deyib və sərvətinin böyük hissəsini xeyriyyə məqsədlərinə yönəldərək teologiya təhsilinə başlayıb. “People” nəşrinə görə, Borba hazırda daha sadə həyat sürdüyünü və bu seçimdən sonra özünü daha xoşbəxt hiss etdiyini bildirib.

Keçmiş kosmetika maqnatı Kaliforniyadakı St. Patrick’s Seminariyasında təhsil alıb və hazırda Fresno yeparxiyası üzrə rahibliyə hazırlanır. KTVU-nun məlumatına görə, Borba 2026-cı il mayın 23-də Kaliforniyanın Visalia şəhərində Katolik rahibi kimi rəsmi şəkildə təyin olunacaq.

Fresno yeparxiyasının nümayəndəsi Çendler Markes bildirib ki, Borbanın keçdiyi yol qeyri-adi olsa da, Katolik Kilsəsində müxtəlif həyat təcrübələrindən gələn insanların dini xidmətə qoşulması normal qarşılanır. Onun sözlərinə görə, Borba gələcəkdə keşiş kimi icmaya xidmət göstərəcək və təyinatı mərasimdən sonra açıqlanacaq.