Kral Çarlz antisemit hücumların hədəfi olan Qolders Qrinə səfər edib

Böyük Britaniya kralı III Çarlz antisemit hücumlara məruz qalan Londonun Qolders Qrin bölgəsinə səfər edib, bıçaqlı hücumun qurbanları və yəhudi icmasının nümayəndələri ilə görüşüb.

Böyük Britaniya kralı III Çarlz son həftələrdə antisemit hücumların hədəfinə çevrilən Londonun Qolders Qrin bölgəsinə əvvəlcədən elan olunmamış səfər edib. Əhalisinin əhəmiyyətli hissəsini yəhudi icmasının təşkil etdiyi bu rayonda kral yerli sakinlər və icma nümayəndələri tərəfindən alqışlarla qarşılanıb. 

Səfər çərçivəsində III Çarlz apreldə baş vermiş bıçaqlı hücumun iki qurbanı ilə görüşüb. Hadisə polis tərəfindən terror aktı kimi araşdırılır. Son həftələr Qolders Qrində yəhudi icmasına məxsus təcili yardım maşınlarının yandırılması və xatirə divarının hədəfə alınması kimi insidentlər də qeydə alınıb.

Britaniyanın baş ravvini Efraim Mirvis kralın səfərinə görə təşəkkür edib. O bildirib ki, III Çarlzın Qolders Qrinə gəlməsi yəhudi icmasına təsəlli və mənəvi dəstək verib. Mirvis daha əvvəl Böyük Britaniyada yəhudi icmasının davamlı zorakılıq və qorxutma kampaniyası ilə üzləşdiyini bildirmişdi.

Kral Çarlz səfər zamanı Jewish Care” xeyriyyə mərkəzində zərərçəkənlərlə yanaşı, dini və ictimai liderlərlə də görüşüb. Bu səfər monarxın Britaniya yəhudi icmasına son aylarda göstərdiyi növbəti dəstək addımı kimi qiymətləndirilir. Daha əvvəl o, hücumdan sonra İngiltərənin şimalındakı sinaqoqu ziyarət etmiş, mart ayında isə ölkədəki yəhudilərin təhlükəsizliyi ilə məşğul olan xeyriyyə təşkilatının himayədarı olmağa razılıq vermişdi.

Hadisələr fonunda Böyük Britaniyada terror təhlükəsi səviyyəsi də artırılıb. Hökumətin məlumatına görə, 30 aprel tarixində Birgə Terrorizm Analizi Mərkəzi ölkə üzrə terror təhlükəsi səviyyəsini “substantial”dan “severe” səviyyəsinə qaldırıb. Bu qərar təhlükənin “yüksək ehtimal” kimi qiymətləndirildiyini göstərir.

Kralın səfəri eyni gün şahzadə Harrinin Britaniyada antisemitizmin artması ilə bağlı narahatlığını ifadə etdiyi yazının dərc olunması ilə üst-üstə düşüb. Harri qeyd edib ki, Yaxın Şərqdəki hadisələrə görə yaranan qəzəb nifrətə çevrilməməlidir.