ABŞ-ın İllinoys ştatına bağlı Çikaqo şəhərinin meri Brandon Conson Göçmenlik və Gömrük Mühafizə Xidmətinin (ICE) qruplarının şəhər ərazisindəki fəaliyyətlərinin araşdırılması və sənədləşdirilməsi üçün göstəriş verib. “CNN”-in məlumatına görə, Conson bu məqsədlə Çikaqo polisinə ICE qruplarının əməliyyatlarını izləmək, qeydə almaq və nəticələr barədə hesabat hazırlamaq səlahiyyəti verən sərəncam imzalayıb.
Mer Conson qərarla ICE qruplarına açıq xəbərdarlıq etdiyini bildirərək, ABŞ Prezidenti Donald Trampın federal agentləri şəhərə göndərərək sakinləri qorxutmağa çalışdığı bir vaxtda Çikaqonun buna səssiz qalmayacağını deyib. O vurğulayıb ki, əgər federal hökumət bu cür nəzarətsiz fəaliyyət göstərən qrupları məsuliyyətə cəlb etməzsə, Çikaqo onları ədalət qarşısına çıxarmaq üçün əlindən gələni edəcək.
Qəbul edilən sərəncama əsasən, Çikaqo polisi ICE qruplarının tətbiq etdiyi üsulları sənədləşdirməli və aparılan əməliyyatlarla bağlı ətraflı hesabat hazırlamalıdır. Şəhər rəhbərliyi bu addımın yerli icmanın təhlükəsizliyini qorumaq və mümkün hüquq pozuntularının qarşısını almaq məqsədi daşıdığını bildirir.
Mövzu ölkədə son dövrlər yaşanan hadisələr fonunda daha da diqqət mərkəzinə düşüb. Minnesota ştatının Minneapolis şəhərində 7 yanvar tarixində ICE əməkdaşlarının miqrantlara qarşı apardığı əməliyyat zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Meklin Qud avtomobilində güllələnərək öldürülmüşdü. Daxili Təhlükəsizlik naziri Kristi Noem həmin şəxsin ICE əməkdaşlarını maşınla vurmağa çalışdığını iddia etmişdi.
Minneapolisdə 24 yanvar tarixində keçirilən etiraz aksiyaları zamanı isə daha bir şəxs ICE qrupları tərəfindən saxlanılmağa cəhd edilərkən vurularaq öldürülüb. Rəsmi açıqlamalarda ikinci qurbanın 37 yaşlı amerikalı tibb işçisi Aleks Ceffri Pretti olduğu və hadisə zamanı onun yanında silahın tapıldığı bildirilib. Bu hadisələr ICE əməliyyatlarının ölkə daxilində ciddi müzakirələrə səbəb olmasına yol açıb.