Latviya Baş naziri dron qalmaqalına görə istefa verib

Latviyanın Baş naziri Evika Silina Ukrayna dronlarının Latviya ərazisinə daxil olması və neft obyektində partlaması ilə bağlı siyasi böhrandan sonra istefa verib. Qərar koalisiya hökumətinin dağılmasına səbəb olub.

Latviyanın Baş naziri Evika Silina istefa verdiyini açıqlayıb. Onun qərarı Ukraynaya məxsus iki pilotsuz uçuş aparatının Rusiya istiqamətindən Latviya ərazisinə daxil olaraq neft anbarı obyektində partlamasından sonra yaranan siyasi böhran fonunda verilib.

“Reuters”-in məlumatına görə, Silinanın istefası oktyabrda keçiriləcək parlament seçkilərinə bir neçə ay qalmış koalisiya hökumətinin dağılması ilə nəticələnib.

Silina televiziya müraciətində “istefa verirəm, amma təslim olmuram” deyib. O, yeni hökumət formalaşana qədər müvəqqəti baş nazir kimi fəaliyyətini davam etdirəcək. Latviya Prezidenti Edqars Rinkeviçsin yeni hökumət başçısının seçilməsi üçün parlament partiyaları ilə məsləhətləşmələr aparacağı bildirilir.

Siyasi böhranın əsas səbəbi Latviya ordusunun Rusiya ərazisindən ölkəyə daxil olan iki Ukrayna dronunu vaxtında aşkarlaya bilməməsi olub. Dronlardan biri neft anbarı obyektində partlayıb. Silina müdafiə naziri Andris Sprudsu pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin kifayət qədər sürətlə inkişaf etdirilməməsinə görə tənqid edib və onun istefasını tələb edib. Spruds mayın 10-da vəzifəsindən ayrılıb.

Bundan sonra Sprudsun təmsil etdiyi “Proqressivlər” partiyası Silina hökumətindən dəstəyini geri çəkib. Nəticədə baş nazir parlamentdə çoxluğu itirib və potensial etimadsızlıq səsverməsi qarşısında zəif mövqeyə düşüb. Məhz, koalisiyanın dağılması Silinanın istefasını qaçılmaz edib.

Ukrayna tərəfi dronların Rusiya elektron müdaxiləsi nəticəsində istiqamətini dəyişərək Latviya ərazisinə düşmüş ola biləcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Latviyanın hava məkanının qorunmasına kömək etmək üçün ölkəyə mütəxəssislər göndəriləcəyini açıqlayıb.

Hadisə Baltikyanı ölkələrdə təhlükəsizlik narahatlıqlarını artırıb. Latviya, Estoniya və Litva NATO üzvü kimi Rusiya-Ukrayna müharibəsinin regiona mümkün təsirlərinə qarşı daha güclü hava hücumundan müdafiə və anti-dron sistemləri qurmağa çalışır.