Ukrayna məhkəməsi Andrey Yermakı 60 gün müddətinə həbs edib

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində 60 günlük həbs qətimkan tədbiri seçib. Girov məbləği 140 milyon qrivna müəyyən edilib.

1

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Prezident Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində 60 günlük həbs qətimkan tədbiri seçib. Məhkəmə onun azadlığa buraxılması üçün alternativ girov məbləğini 140 milyon qrivna müəyyən edib. Qeyd edək ki, prokurorluq əvvəlcə girovun 180 milyon qrivna olmasını istəmişdi.

MSNews.az xəbəri “Ukrainska Pravda”-ya istinadən verir.

Yermak məhkəmə zalında bu məbləği ödəmək imkanının olmadığını bildirib. Ukrayna mediasının məlumatına görə, o, girovun ödənilməsi üçün dost və tanışlarının kömək edə biləcəyini istisna etməyib. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

İstintaq Yermakı qanunsuz mənbələrdən əldə olunduğu ehtimal edilən təxminən 460 milyon qrivnanın leqallaşdırılmasında şübhəli bilir. Ukrayna antikorrupsiya qurumlarının versiyasına görə, həmin vəsait Kiyev vilayətinin Kozin qəsəbəsində yerləşən elit “Dinastiya” yaşayış kompleksinin tikintisi vasitəsilə yuyula bilərdi.

“Reuters”-in məlumatına görə, iş Ukraynada yüksək səviyyəli korrupsiya ilə bağlı geniş araşdırma — “Midas əməliyyatı” çərçivəsində aparılır. Yermak ittihamları rədd edir və qanunsuz əmlakla bağlı iddiaları qəbul etmir. Onun adı Ukrayna siyasi sistemində uzun müddət Zelenskinin ən yaxın və nüfuzlu fiqurlarından biri kimi çəkilirdi.

Məhkəmənin tam qərar mətninin mayın 18-də elan olunacağı bildirilir. Qərar elan edildikdən dərhal sonra icraya yönəldilib, müdafiə tərəfinin isə apellyasiya üçün 5 gün vaxtı var.