2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun finalından sonra ölkəmizi UEFA avrokuboklarında təmsil edəcək komandaların siyahısı böyük ölçüdə dəqiqləşib. Finalda “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “Sabah” həm Azərbaycan çempionu, həm də kubok qalibi olub və mövsümü “qızıl dubl”la tamamlayıb.
MSNews.az-ın məlumatına görə, Masazır təmsilçisi kuboku tarixində ikinci dəfə qazanıb.
“Sabah” artıq ölkə çempionu kimi UEFA Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb. Komandanın həm də Azərbaycan Kubokunu qazanması avrokubok bölgüsündə əlavə dəyişiklik yaradıb. Mövcud qaydalara əsasən, ölkə çempionu eyni zamanda kuboku da qazanarsa, Avropa Liqasına vəsiqə Premyer Liqada ikinci yeri tutan komandaya verilir. Hazırkı vəziyyətə görə bu komanda “Qarabağ”dır və Ağdam təmsilçisi UEFA Avropa Liqasına 1-ci təsnifat mərhələsindən başlayacaq.
Premyer Liqanın hazırkı turnir cədvəlinə əsasən, 31 turdan sonra “Sabah” 75 xalla liderdir, “Qarabağ” 63 xalla ikinci, “Turan Tovuz” isə 59 xalla üçüncü pillədə qərarlaşıb. “Neftçi” 53 xalla dördüncü, “Zirə” isə 50 xalla beşinci yerdədir.
Bu vəziyyətə görə, üçüncü pillədəki “Turan Tovuz”un UEFA Konfrans Liqasına yollanması gözlənilir. Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyinə görə Konfrans Liqasındakı iki təmsilçidən biri mübarizəyə 2-ci təsnifat mərhələsindən, digəri isə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Hazırkı cədvələ görə, 3-cü yeri tutacaq komanda Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq.
Konfrans Liqasına ikinci vəsiqə isə Premyer Liqanı 4-cü pillədə tamamlayan komandaya veriləcək. Hazırda bu mövqedə “Neftçi” qərarlaşıb və çempionatın bitməsinə iki tur qalmış “Zirə”ni 3 xal qabaqlayır. Buna görə son avrokubok vəsiqəsi uğrunda əsas mübarizə “Neftçi” və “Zirə” arasında gedəcək. 4-cü yeri tutacaq komanda UEFA Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən başlayacaq.
UEFA-nın 2026/27 mövsümü üçün klub turnirləri üzrə giriş siyahısı avrokuboklarda ölkələrin reytinqinə və daxili yarışlardakı nəticələrə əsasən komandaların hansı mərhələdən mübarizəyə qoşulacağını müəyyənləşdirir.